İyulda Braziliyanın dövlət neft şirkəti “Petrobras”ın (“Petroleo Brasileiro SA”) neft və qaz istehsalı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, iyulda “Petrobras”ın ümumi hasilatı gündəlik 2,74 milyon barrel neft ekvivalenti təşkil edib. Bu həcmin gündəlik 2,63 milyon barreli Braziliyada, sutkada 114 min barreli isə xaricdə istehsal edilib.
Ölkədə orta neft hasilatı iyul ayında iyun ilə müqayisədə 3,3 faiz azalaraq sutkada 2,12 milyon barrel təşkil edib. İyulda ölkə xaricindəki yataqlarda sutkada 65 min barrel neft hasil olunub.
İyulda Braziliyada təbii qaz hasilatı əvvəlki aya görə 0,4 faiz azalaraq sutkada 80 milyon kubmetr təşkil edib. Ölkə xaricindəki yataqlarda təbii qaz hasilatı isə ötən ay iyunla müqayisədə 2,9 faiz artaraq gündəlik 8,4 milyon kubmetr olub.