Hindistanlı skaut: Azərbaycanlılar çox qonaqpərvər və mehribandırlar

17 avqust 2017 20:53
372

Azərbaycan kimi gözəl bir ölkəyə səyahət etməkdən çox şadam. İnsanlarınız çox qonaqpərvər və mehribandırlar. Burada gördüklərimiz biz skautlarda unudulmaz hisslər yaradıb. Hamımız ölkələrimizə gözəl təəssüratlarla qayıdacağıq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində 41-ci Dünya Skaut Konfransının hindistanlı iştirakçısı Diyaz Gumman deyib.

Qonaq bildirib ki, Bakı konfransı hətta onların gözlədiklərindən də yüksək səviyyədə təşkil olunub. Burada skautinqin gələcək inkişafı ilə bağlı çox səmərəli müzakirələr aparılır. Son illərdə skaut hərəkatının artan önəmini nəzərə alsaq bu müzakirələrin çox əhəmiyyətli olduğunu deyə bilərik.

“Bakıda bir çox insanlarla əlaqələr qurduq, Azərbaycanla yanaşı, digər ölkələrdən yeni dostlar qazandıq. Burada apardığımız fikir və təcrübə mübadilələri gələcəkdə fəaliyyətimizi daha yaxşı təşkil etməyə imkan yaradacaq”, - deyə Diyaz Gumman qeyd edib.

Hindistanlı skaut Bakıda konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.