Cari ilin yanvar-iyun aylarında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü təqribən 21,4 milyon kubmetr qaz olub.
“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, yarım ildə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 14 milyon dollar əməliyyat və 413 milyon dollar əsaslı xərclər sərf edilib.
Qeyd edək ki, boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzCQBK” (10 faiz), “SNG Midstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).