18 avqust 2017 17:21
519

SOCAR prezidenti Sumqayıtda olub

Avqustun 17-də SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıt şəhərində olmuş, “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunda aparılan əsaslı təmir və modernizasiya işlərinin gedişi ilə tanış olmuşdur.SOCAR prezidentinə məlumat verilmişdir ki, avqustun 10-dan zavodda əsaslı təmir işlərinə başlanılıb və bu işlər 20 sentyabr Neftçilərin peşə bayramı günü ərəfəsində yekunlaşdırılacaqdır. 40 gün davam edəcək əsaslı təmir zamanı icra olunacaq tədbirlər planı SOCAR prezidentinə təqdim olunmuş, görüləcək işlərin təsnifatı müzakirə edilmişdir. Bildirilmişdir ki, “Etilen-polietilen” zavodunda “TECHNİP İTALY S.p.A.” şirkəti tərəfindən icrasına start verilmiş və 2019-cu ilə qədər mərhələli şəkildə həyata keçiriləcək layihələr çərçivəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular və yardımçı sahələr inşa olunacaq, bununla da müəssisənin istehsal gücü artırılacaq, “SOCAR-Polimer” layihəsi çərçivəsində Sumqayıt Kimya Sənaye parkında tikilən Polipropilen və Polietilen qurğuları xammal ilə təmin ediləcək, nəticə etibarilə də ölkənin bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı gücləndiriləcəkdir. Eyni zamanda texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaqdır. Kimyaçılarla görüşüb söhbət edən R.Abdullayev həyata keçirilən əsaslı təmir və modernləşdirmə işlərinin əhəmiyyətini vurğulayaraq, onlara uğurlar arzulamışdır. 

Sonra SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin balansında olan “Kimyaçı” Mədəniyyət Sarayına gələrək, burada aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir.