Son illər ölkəmizdə iqtisadiyyatın digər sahələrində olduğu kimi, kənd təsərrüfatında da yerli istehsal sürətlə artmaqdadır. Bu gün rayonlarımızda müxtəlif tənd təsərrüfatı məhsulları istehsal olunaraq həm daxili bazara, həm də xarici bazarlara göndərilir. Bura hazır xammaldan tutmuş qablaşdırmaya qədər bir sıra məhsullar daxildir.
Şübhə yoxdur ki, bütün bu uğurlara Prezident İlham Əliyevin regionlara göstərdiyi yüksək diqqət və qayğı sayəsində nail olunur. Həyata keçirilən Dövlət proqramları nəticəsində regionların sosial infrastrukturu müasirləşir, kənd təsərrüfatının və sənayenin inkişafı daha da intensiv hal alır. Cari ilin 6 ayında kənd təsərrüfatı məhsulları ixracının ötən dövrlə müqayisədə 40 faiz artması Azərbaycanda kənd təsərrüfatı sahəsində yaxın gələcəkdə böyük nəticələrin əldə ediləcəyindən xəbər verir.
Göygöl, Samux, Gədəbəy və Şəmkir rayonları da ölkə başçısının diqqət və qayğı göstərdiyi rayonlardandır. Təsadüfi deyil ki, avqustun 19-20-də bu rayonlara səfəri çərçivəsində ölkə başçısı bir neçə infrastruktur layihələrinin və istehsal sahələrinin açılışlarını etdi. Açılışı edilərək işə salınan Gədəbəy limonad zavodu, Aqropark logistika mərkəzi, “Azərxalça” ASC-nin Şəmkir filialı, süni mayalanma mərkəzi, baytarlıq mərkəzi və digər müəssisələr regionların istehsal gücünün artmasının yeni göstəriciləridir. İllik istehsal gücü 12.8 milyon litr olan zavodun limonadları hazırda Rusiya Federasiyasına ixrac olunur. Avqust ayının sonunda isə İraqa 100 ton limonad göndərilməsi üçün müqavilə imzalanıb. Bu təbii ki, təkcə bir zavodun ixrac potensialıdır. Ümumiyyətlə, Azərbaycanın hər bir regionunda kənd təsərrüfatı məhsullarının istehsalı, ixracı və eyni zamanda emalı müəssisələrinin yaradılması geniş vüsət alıb. Ölkədə mərhələli şəkildə 40 aqropark kompleksinin yaradılması qarşıdakı illərdə Azərbaycanda ərzaq təhlükəsizliyini təmin etməklə, əhalinin etibarlı kənd təsərrüfatı məhsulları ilə təminatını həyata keçirəcək. Həm də yüksək standartlarla istehsal olunmuş məhsullar xarici bazarlarda Azərbaycan brendi adı altında müştərilərə təqdim olunacaq. Kənd təsərrüfatı məhsullarının müasir innovasiya və elmi əsaslarla istehsalı, emalı və ixracı regionlarda işsizlik problemini aradan qaldıracaq, ölkənin ərzaq təminatını təmin edəcək və ixrac olunan mallardan ölkəmizə gələn valyuta manatın gücünü daha da artıracaq. Bütün bunlar isə öz növbəsində, dövlət siyasətinin əsas məqsədi olan vətəndaşların rifah halının yüksəlməsinə xidmət edəcək.
Taleh Bağırov, “İki sahil”