09 oktyabr 2017 15:05
489

OPEC-in baş katibi: Neft istehsalçıları 2018-ci ildə mühüm tədbirlər görə bilərlər

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan digər neft istehsalçısı ölkələr 2018-ci ildə bəzi mühüm tədbirlər görə bilərlər.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.

“OPEC və digər böyük istehsalçısı olan ölkələr gələn il neft bazarını balanslaşdırmaq üçün bir sıra tədbirlər görəcəklər. OPEC sazişinə qoşulmaq istəyən digər neft istehsalçısı ölkələr noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada OPEC-ə üzv ölkələrin nazirlərinin ümumi toplantısında iştirak edə bilərlər. 2018-ci ilin mart ayından müddəti bitəcək neft hasilatının azaldılması ilə bağlı sazişin daha da uzadılması üçün də danışıqlar aparılır”, - deyə o bildirib.

M.Barkindo, həmçinin qeyd edib ki, ABŞ-da şist nefti istehsalının artmasından narahat deyil.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.