Layihələndirilən quyunun illik plana görə sınaq hasilatı 150 ton/gün kondensat və 800 min m3/gün qaz olaraq nəzərdə tutulmuşdu. 123 nömrəli quyunun qazılması zamanı qazmaçıların yüksək peşəkarlığı, qazma prosesində ən müasir texnologiyaların tətbiqi, 1685 m-ə kimi daha ucuz su əsaslı polimer qazma məhlulundan, 1685 m-dən quyunun sonuna kimi ən müasir qazma alətinin tutulma ehtimalı minimum olan karbohidrogen əsaslı qazma məhlulundan istifadə, təchizatın operativliyi, əvvəl qazılmış quyuların təcrübəsi nəzərə alınmaqla LWD/MWD telemetrik ölçü cihazlarının və litoloji kəsilişə uyğun yüksək texniki göstəricilərə malik baltalarla yığılmış QKAH-nin düzgün seçimi qazmanın mexaniki və kommersiya sürətinin artmasına kömək edib. Quyunun layihə profilinə uyğun qazılması, hidravlik hesabatlar aparmaqla quyu lüləsinin əla təmizlənməsi, mükəmməl təmizləyici sistemin mövcudluğu, sonda quyunun dərinliyinin layihəyə uyğun olaraq 6153 metrə çatdırmağa imkan yaradıb.
Qeyd edək ki, layihə üzrə 123 saylı quyunun qazılmasına 296 gün vaxt müəyyənləşdirilib. “Mc Kinzey” məsləhətçi şirkətinin mütəxəssisləri uzun müddət araşdırma aparıb, quyunun 237 gün ərzində qazılmasının mümkünlüyü fikrini irəli sürüblər. Kompleks Qazma İşləri Trestinin mütəxəssisləri-dərinlik fatehləri fədakarlıqla çalışaraq, quyunun qazılmasını 19 avqust 2017-ci il tarixində, 227 günə başa çatdıraraq rekord nəticə əldə ediblər. Quyu ağzı iş planına uyğun olaraq yığıldıqdan sonra Geofizika və Geologiya İdarəsinin mütəxəssisləri tərəfindən borulu perforatorla Məhsuldar qatın VIII horizontunda, 6057-6097 metr intervalında, perforasiya işləri aparıldıqdan sonra, oktyabr ayının 5-də 123 nömrəli quyu ilkin olaraq, Q kon.= 180-200 tn/gün və Q qaz= 800 000 m3/gün yüksək hasilatla istismara başlayıb.
123 nömrəli istismar quyusu “Bulla-dəniz” strukturunun şimal-şərq qanadının tağyanı hissəsində (II tektonik blok) MQ VIII horizontuna (QÜQ lay dəstəsinə) layihə dərinliyi 6200 metr, 1130 azimut və quyu ağzından 1050 metr inhirafla, MQ-nin VIII horizontunu istismar etmək üçün SOCAR rəhbərliyi tərəfindən təsdiq edilmiş 2017-ci ilin istismar qazması üzrə iş Planına uyğun olaraq layihələndirilib.
Xatırladaq ki, “Bulla-dəniz” qalxımı Xərə-Zirə adasından 10 km cənub-şərqdə və Bakı şəhərindən 55 km cənubda, Bakı arxipelaqının şimal hissəsində yerləşir. Bu struktur ilk dəfə 1957-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib və dərin kəşfiyyat quyularının qazılmasına 1965-ci ildən başlanılıb. Qazılmış dərin kəşfiyyat quyularının məlumatlarına əsasən, kəsilişdə müasir dövrdən tutmuş Məhsuldar qatın, Qırmakı lay dəstəsi də daxil olmaqla, çöküntü kompleksi iştirak edir və yatağın çox mürəkkəb tektonik quruluşa malik olduğu aşkarlanıb.
Kompleks Qazma İşləri Trestindən aldığımız məlumata görə, qazmaçılar tərəfindən 2017-ci ilin yanvar-sentyabr aylarında 54 yeni quyuda qazma işlərinə başlanılıb. Ötən dövrdə 86421 metr plana qarşı, 86451 metr qazma işi aparılıb ki, bu da plandan əlavə 30 metr qazma keçidi və planın 100 faiz yerinə yetirilməsi deməkdir. Bununla yanaşı, 52 quyuda qazma işləri başa çatdırılıb.
Trestin kollektivi tərəfindən 51 quyu tikinti ilə qurtararaq yüksək hasilatla mədənçilərə təhvil verilib. Bu göstərici üzrə də plan 100 faiz yerinə yetirilib.
Nail Rəhimzadə,
“İki sahil”