10 oktyabr 2017 17:35
497

Məhəmməd Barkindo: OPEC ABŞ ilə neft istehsalını azaltmağı müzakirə edəcək

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft hasilatını azaltmaqla bağlı ABŞ ilə yenidən müzakirələr aparacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.

“OPEC ABŞ ilə neft istehsalını azaltmağı müzakirə edəcək. Kartel və ABŞ neft bazarında sabitliyin təmin olunması üçün əməkdaşlıq etmək üzrə razılığa gəliblər”, - deyə o bildirib.

M.Barkindo, həmçinin Rusiya və Səudiyyə Ərəbistanının Moskvadakı görüşdə neft bazarının balanslaşdırılması cəhdlərində OPEC-lə birgə hərəkət etmək istəyən yeni dövlətlərə kömək göstərilməsi üçün razılığa gəlindiyini qeyd edib.

Qeyd edək ki, hazırda neft hasilatının azaldılması üzrə OPEC sazişinə 24 ölkə qoşulub.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.