Buxarestdə NATO Parlament Assambleyasının 63-cü illik sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev və Kamran Bayramov SOCAR-ın Rumıniyadakı törəmə şirkəti olan “SOCAR Petroleum SA”nın baş ofisində olublar.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvləri ilk olaraq şirkətin ofisini gəzib və işçilərlə səmimi söhbət ediblər.
Qonaqlara "SOCAR Petroleum SA" şirkətin əldə etdiyi uğurlar, yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr və yeni istifadəyə veriləcək yanacaqdoldurma məntəqələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, fəaliyyət göstərdiyi qısa zaman ərzində Rumıniyanın enerji bazarında aparıcı oyunçuya çevrilən SOCAR-ın hazırda ölkə üzrə 38 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.
Daha sonra Azərbaycanlı deputatlar Buxarestdə “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birinə baş çəkiblər. Onlar burada müştərilər üçün yaradılan şəraitlə yaxından tanış olublar, həmçinin nümayəndə heyətinə “Made in Azerbaijan” brendi altında ölkəmizdən gətirilərək məntəqədə satılan məhsullar haqqında məlumat verilib.