Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır. Xüsusilə son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri Avropa dövlətlərini yeni enerji mənbələrini təmin etməyə sövq etdi. Bu baxımdan regionun əsas neft ölkələrindən biri kimi Azərbaycana diqqətin atması təbii idi. Avropa gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini qiymətləndirməyə bilməzdi.
Təcavüzkar Ermənistan istisna olmaqla, demək olar ki, bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq müstəvisində əlaqələr quran, balanslaşdırılmış və müstəqil xarici siyasət kursuna sadiq olan Azərbaycanla tərəfdaşlıq etmək hər zaman cəlbedicidir. Avropa dövlətlərinin alternativ enerji təminatçısı kimi üzünü ölkəmizə çevirməsi anlaşılandır. Azərbaycan həm də sabit və etibarlı imici ilə diqqət çəkir. Buna görə də ekspertlərin “Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır” qənaəti hər kəs tərəfindən şəksiz qəbul edilir. Azərbaycanı etibarlı tərəfdaş kimi cəlbedici edən amillərdən biri də ölkəmizin tutduğu yola sadiqliyi, davamlılığı və ortaya çıxan çətinliklərə baxmayaraq qarşıya qoyulan məqsədə çatmaq əzmidir. Bu, enerji sahəsində Azərbaycanla əməkdaşlıq edən tərəfdaşların gələcəyə hesablanmış təminatıdır. Bu baxımdan sentyabrın 14-də “Yeni əsrin müqaviləsi”nin imzalanması göstərir ki, Azərbaycan hələ uzun onilliklər enerji təminatçısı kimi cəlbedici olaraq qalacaqdır.
Dünyanı bürüyən iqtisadi-siyasi böhranın davam etməsinə rəğmən Azərbaycan TAP, TANAP və digər qlobal layihələrin reallaşması üçün lazım olan bütün addımları atır. 2016-cı il fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı zamanı imzalanan bəyannamədə vurğulanıb ki, Avropa bazarlarının Azərbaycanın enerji daşıyıcıları ilə etibarlı, təhlükəsiz və davamlı təminatı məqsədilə enerji resurslarının istehsalçıları, tranzit ölkələr və istehlakçılar arasında uzunmüddətli strateji münasibətlərin inkişafı və dərinləşdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, eyni məram və fikirlər oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının nümayəndə heyəti arasında keçirilən görüşdə bir daha vurğulanıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycanda enerji sahəsinin inkişafı sərhədlərimizin hüdudları ilə məhdudlaşmır: “Enerji təhlükəsizliyimizə gəldikdə, bütün işlər görülüb, biz müxtəlif istiqamətlərdə neft, qaz və elektrik enerjisi ixrac edirik. Bizim 7 kəmərimiz var. Onların 3-ü ilə neft nəql olunur - ikisi Qara dənizə, biri isə Aralıq dənizinə çıxır. Qaz kəmərlərinin sayı dördə bərabərdir ki, onlar vasitəsilə biz bütün istiqamətlərə - Gürcüstan, Türkiyə, İran və Rusiyaya qaz nəql edə bilirik. Sonuncu ən böyük qaz kəməri Bakıdan İtaliyaya qədər uzanan kəmərdir ki, onun da tikintisi davam edir. Müasir nəqliyyat infrastrukturunun yaradılması üçün tərəfimizdən bütün işlər görülüb. Bizim ehtiyatlarımız məlumdur, bazar müəyyən edilib. Bizim üçün ən böyük bazar Avropadır və Avropanın daha çox qaza ehtiyacı olacaq”.
Prezident, həmçinin qeyd edib ki, Avropanın təbii qaza olan tələbatı getdikcə artır. Bu tələbatın ödənməsi üçün isə yeganə yeni enerji mənbəyi Azərbaycandır: “Avropanı hazırda qazla təmin edən bütün digər mənbələr istifadə olunmaqdadır. Azərbaycan yeni mənbədir, yaxında yerləşir, ehtiyatlar böyükdür və növbəti onilliklərə kifayət edəcək potensiala malikdir. Biz Avropa Komissiyası ilə sıx əməkdaşlıq edirik. Artıq üçüncü dəfədir ilin əvvəlində biz Bakıda “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının toplantısını keçiririk ki, həmin iclaslarda Avropa Komissiyasının vitse-prezidentləri iştirak edirlər”.
Qeyd edək ki, hazırda Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftlə təmin edilməsində Azərbaycanın payı 25-30 faiz təşkil edir. Bu o deməkdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmiz həlledici rola malikdir.
Azərbaycanın enerji strategiyası barədə fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da səsləndirib. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdiyini diqqətə çatdıran dövlət başçısı vurğulayıb ki, neft sənayesi və enerji siyasəti sahəsində də cari ildə əlamətdar hadisələr baş verib: “Xüsusilə, neft sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalanmışdır. Kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Bu kontrakt bizim üçün daha da yaxşı şərtlərlə təmin edilmişdir. Baxmayaraq ki, “Əsrin müqaviləsi” də Azərbaycana çox böyük faydalar gətirdi. O vaxt üçün mümkün qədər ən gözəl şərtlər təmin edilmişdir. Ancaq indiki şərtlər bizim üçün daha əlverişlidir, daha da yaxşıdır. Bu şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcəkdir. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək”.
Qeyd etmək lazımdır ki, yuxarıda vurğulanan fikirlərin arxasında konkret əməli fəaliyyət dayanır. Dünyanın ən böyük enerji nəqli layihələrindən hesab edilən “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində görülən işlər bu qənaətə gəlməyə əsas verir. Belə ki, bununla bağlı “Şahdəniz-2” layihəsinin icrası 96 faiz, Cənubi Qafqaz kəmərinin hazırlanmasında işlər 98 faiz, TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində yerinə yetirilmişdir.
Burada enerji təhlükəsizliyinin regionun geosiyasi təhlükəsizliyində oynadığı rola da diqqət yetirmək vacibdir. Azərbaycan bölgədə qarşılıqlı əməkdaşlıq mühiti yaradaraq əslində həm də regionun təhlükəsizliyinə xidmət etmiş olur. Beləliklə, Azərbaycanın səyləri nəticəsində Cənubi Qafqaz regionu geosiyasi ziddiyyətlər deyil, faydalı tərəfdaşlıq poliqonuna çevrilir.
Taleh Turqut,
“İki sahil”