12 oktyabr 2017 18:44
1412

SOCAR gələn il Bakı-Novorossiysk kəməri ilə 1,3 mln. ton neft ixrac edəcək

Gələn il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk boru kəməri ilə 1,3 mln. ton neft ixrac etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu SOCAR-ın Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə bildirib.

"SOCAR gələcəkdə Bakı-Novorossiysk kəmərinin istismarını dayandırmağı planlaşdırmır. 2018-ci ildə bu kəmərlə 1,3 mln. ton Azərbaycan neftinin nəqli planlaşdırılır", - deyə İdarə rəisi qeyd edib.

***

Şirkət rəsmisinin sözlərinə görə, artıq bir neçə ildir ki, Rusiya tərəfi ilə Bakı-Novorossiysk kəməri ilə neftin revers (əks istiqamətdə) nəqlinin mümkünlüyünə dair danışıqlar aparılır: "Hələlik mövcud iqtisadi vəziyyət buna imkan vermir, lakin analoji danışıqları davam etdiririk".