ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 2,7 milyon barrel (0,6 faiz) azalaraq 462,2 milyon barrel olub.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 2 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə xam neft ehtiyatları 6 milyon barrel azalmışdı. Beləliklə də, ABŞ-ın xam neft ehtiyatları ard-arda 3 həftə azalma göstərib.
ABŞ-ın strateji neft ehtiyatları isə ötən həftə 1,2 milyon barrel (0,2 faiz) azalaraq 672,4 milyon barrel olub. Ölkənin benzin ehtiyatları keçən həftə 2,5 milyon barrel (1,1 faiz) artaraq 221,4 milyon barrel təşkil edib. Bazar proqnozları isə ehtiyatların 0,5 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1,6 milyon barrel artmışdı.
Ölkənin xam neft hasilatı ötən həftə gündəlik orta hesabla 81 min barrel azalaraq 9,48 milyon barrelə düşüb. Ölkənin neft hasilatı ard-arda 4 həftə artdıqdan sonra yenidən azalmağa başlayıb.
ABŞ-ın neft idxalı hesabat həftəsində gündəlik orta hesabla 403 min barrel artaraq 7,62 milyon barrel olub. Ölkənin xam neft ixracı isə gündəlik 714 min barrel azalaraq 1,27 milyon barrelə düşüb.