13 oktyabr 2017 21:46
851

“Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi”nə daxil olan boru kəmərlərinin tikintisi üçün 41,5 milyard dollar sərf olunacaq

“Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi”nə daxil olan boru kəmərlərinin tikintisi üçün bu günün qiymətləndirilməsinə görə 41,5 milyard dollar vəsait sərf olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017”də “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (CQD) baş direktoru Əfqan İsayev deyib. O bildirib ki, bu vəsaitin 11,8 milyard dolları Azərbaycanın öhdəliyidir.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.