Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələrinə SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzində görülən işlər barədə məlumat verilib.
“Ekol Mühəndislik Xidmətləri” QSC-dən AZƏRTAC-a bildirilib ki, QSC-nin xidmət göstərdiyi Tullantı Mərkəzində BMT-nin Azərbaycanda yanacaq və enerji istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı Layihələrinin (NAMA) nümayəndələri ilə görüş keçirilib. Görüşdə Tullantı Mərkəzinin rəisi Orxan Qəndilov, mühəndis-texnoloq Emil Vəliyev, eləcə də NAMA layihəsinin meneceri Nazim Məmmədov və layihənin xarici eksperti Liliya Zavyalova iştirak edib.
Görüş zamanı qonaqlara “Binalarda enerji effektliyi tədbirləri” komponentləri çərçivəsində Tullantı Mərkəzində həyata keçirilən işlərin nəticələri və reallaşdırılan tədbirlər haqqında məlumat verilib. Sonda qonaqlarla birgə mərkəzin ərazisinə baxış keçirilib.