19 oktyabr 2017 22:10
676

Kurık limanından Bakı limanına göndərilən yükün həcmi bir milyon tona çatdırılıb

Qazaxıstanın Kurık limanından Bakı Beynəlxalq Dəniz Ticarət Limanına göndərilən yüklərin həcmi bir milyon tona çatdırılıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Kurık limanında təntənəli mərasim keçirilib.

Limanın baş direktoru Mirzabek Sakdaqanov peşəkar xidmət göstərməsinə görə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyinin “Təşəkkürnamə”yə layiq görüldüyünü deyib.

“Təşəkkürnaməni” qəbul edən “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin kapitanı Abuzər Həsənov Gəmiçiliyin bərələrinə göstərilən etimada görə, Kurık limanının rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib. Bundan sonra da Xəzər üzərindən tranzit yükdaşımalarda mövcud imkanlardan maksimum dərəcədə istifadə edəcəklərini deyib.

Kurık limanı 2016-cı ildə istismara verilib. Ümumi sahəsi 40 hektar olan liman əlverişli coğrafi mövqeyə malikdir. Burada suyun dərinliyi böyük tutumlu gəmilərin yan almasına imkan verir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas tərkib hissəsindən biri sayılan Kurıkdan yüklər Azərbaycan və Gürcüstandan keçərək Avropaya göndərilir.

Hazırda liman ərazisində daha bir yanalma körpüsü inşa edilir. Həmin körpü avtomobil daşıyan gəmilər (Ro-Ro/Ro-Pax) üçün yeni imkanlar açacaq. Liman akvatoriyasında dibdərinləşdirmə işləri yekunlaşıb, ümumilikdə 730 min kubmetr həcmdə süxur çıxardılıb. Tikintinin bu mərhələsində aktiv şəkildə yanalma pirslərin, dəmir-beton blokların quraşdırılması da həyata keçirilir.

Onu da əlavə edək ki, Kurık limanının istismarına qədər Qazaxıstandan tranzit yükdaşımaları yalnız Aktau limanı ilə həyata keçirilirdi. Aktau limanının yükaşırma imkanlarının məhdud olması, əlverişsiz coğrafi şəraiti (küləklərin birbaşa təsirinə məruz qalması) rentabelliyə mənfi təsir göstərirdi. Bu səbəbdən Kurık bərə kompleksinin istifadəyə verilməsi Azərbaycan üçün də əhəmiyyətli sayılır. Yeni kompleks Aktau ilə müqayisədə Bakı limanına daha yaxın məsafədə yerləşir. Belə ki, Kurıkdan Bakıya təxminən 18, Aktaudan Bakıya isə 22 saatlıq yol var.

Məlumat üçün deyək ki, Kurıkdan ilk yola salınan gəmi də ölkəmizə məxsus olub. 2016-cı ilin dekabrın 7-də sınaq mərhələsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Şahdağ” gəmi-bərəsi istifadə edilib.