25 oktyabr 2017 21:45
1118

YAP bütün fəaliyyəti dövründə xalqın böyük etimadını və dəstəyini qazanıb

YAP-ın yaranması, keçdiyi şərəfli yol və qazandığı möhtəşəm nailiyyətlər bu partiyanın yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi xarakterini göz önünə gətirir. Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi. Belə bir vəziyyətdə Azərbaycanın xilas yolunu ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən ziyalılar Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Beləliklə, cərəyan edən proseslər 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi zərurətini reallaşdırdı. Çünki Azərbaycan çox ciddi milli fəlakətlərlə üz-üzə qalmışdı. Xalqın qəti fikri belə idi ki, ölkəni, milləti üzləşdiyi fəlakətdən yalnız Heydər Əliyev kimi qüdrətli şəxsiyyət, dünya görmüş siyasətçi xilas edə bilər. Belə də oldu. Onu da qeyd etmək lazımdır  ki, Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyətə malik olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutmuşdur. 25 il öncə Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan xalqının taleyini dəyişən əzəmətli hadisələrdən biri  olmuşdur.

YAP Azərbaycanda yeganə siyasi təşkilatdır ki, xalqın istəyi ilə yaranmışdır. Yarandığı vaxtdan heç bir il keçməmiş iqtidar partiyasına çevrilən YAP Ümummilli Liderin rəhbərliyi ilə Vətənin xilası naminə gərgin fəaliyyətə başlamışdır. Təkcə partiya sədri kimi yox, həm də xalqın təkidi ilə 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və  Azərbaycanın yeni tarixində bu günə qədər davam edən növbəti uğurlu inkişaf mərhələsi başlandı. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 1993-cü il oktyabrın  3-də isə ümumxalq səsverməsi nəticəsində dahi rəhbər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ölkəyə rəhbərlik edən ulu öndər Heydər Əliyev Azərbaycanı çox böyük təhlükələrdən, çətinliklərdən xilas etdi və bugünkü səviyyəyə qaldırdı. İndi Azərbaycan həm iqtisadi inkişafına, həm də siyasi nüfuzuna görə dünya birliyində sayılıb-seçilən dövlətlərdən birinə çevrilmiş və bu imicini getdikcə möhkəmləndirir. Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyası Vətənə, millətə, müstəqil Azərbaycana xidmət edir. Təsis olunduğu 1992-ci ildən keçən dövr ərzində YAP Azərbaycanın bütün gənclərini dövlət və dövlətçilik ətrafında birləşdirdi. Hal-hazırda bu proses davam etdirilir. Təbii ki, müstəqil dövlətimizin inkişafı üçün başlanan siyasətin davamlı olması mühüm amillərdən biri idi. Məhz bu ali məqsədin reallaşması naminə ümummilli liderimiz Heydər Əliyev böyük çətinliklərlə qurduğu dövlətə rəhbərlik etmək üçün namizədini elan etdi:  “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını  gözəl  bilən, enerjili və təşəbbüskar  bir  şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Heydər Əliyev ideyalarından güc alan YAP bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır.

Rita Hüseynova,

SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu 

texnika elmləri namizədi, dosent