31 oktyabr 2017 14:14
842

Kembric Universitetində SOCAR-BP əməkdaşlığının 25 illik yubileyi qeyd edilib

Kembric Universitetində SOCAR və BP arasında əməkdaşlığın 25 illik yubileyinə həsr edilən tədbir keçirilib.

Mərasimdə SOCAR, BP və əlaqəli şirkətlərin yüksək vəzifəli nümayəndələri ilə yanaşı, Kembric Universitetindən professor və təhsil ekspertləri, Böyük Britaniya parlamentinin Lordlar palatasının üzvləri, Azərbaycanın bu ölkədəki səfiri, diplomatik korpus nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə çıxış edərək, SOCAR-BP əməkdaşlığından, 25 ildə həyata keçirilmiş uğurlu layihələrdən danışıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyası Azərbaycanı yeni inkişaf mərhələsinə yüksəldib. Ümummilli Liderin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu addımları bütün sahələrdə olduğu kimi, neft sənayesində də öz bəhrəsini verir. Bunun ən bariz nümunəsi BP və SOCAR arasında 2050-ci ilə qədər müddəti əhatə edəcək yeni müqavilənin imzalanması ilə bağlı razılıq əldə olunmasıdır.

“BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, BP və onun tərəfdaşları indiyədək Azərbaycandakı sosial investisiya layihələrinə 72 milyon dollar vəsait xərcləyib. BP şirkəti mühüm sosial investisiya layihələrini həyata keçirməkdə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi, təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

Daha sonra Kembric Universitetindən professorlar çıxış edərək SOCAR-BP əməkdaşlığını yüksək qiymətləndiriblər. Vurğulanıb ki, bu əməkdaşlıq və görülən işlər siyasi dairələrdə olduğu kimi, elm adamlarının da böyük marağını cəlb edir. Bu baxımdan tədbirin Kembric Universitetində təşkili böyük əhəmiyyətə malikdir.

Görüş qarşılıqlı müzakirələr və axşam ziyafəti ilə davam edib.

Tədbir çərçivəsində həmmüəllifləri Lord Devid Evans və Rəfiqə Hüseynzadə olan “Azərbaycanı kəşf et” kitabının 2-ci nəşrinin təqdimatı da keçirilib.