01 noyabr 2017 17:33
870

“SOCAR Georgia QAS” Gürcüstanda əhalinin təbii qazla təmin olunmasında fəal iştirak edir

“SOCAR Georgia QAS” Gürcüstanda əhalinin təbii qazla təmin olunmasında fəal iştirak edir.

“Gürcüstan hökumətinin ölkənin müxtəlif bölgələrində yaşayan daha 5500 abonentinin təbii qazla təmin olunması barədə qərarını maraqla izləyirik. Tikinti işlərini Gürcüstan şirkətləri həyata keçirir. İşlər başa çatdıqdan sonra abonentlərin təbii qazla təmin olunması məsələsi gündəmə gələcək”.

AZƏRTAC xəbər verir ki, bunu “SOCAR Georgia QAS” şirkətinin direktoru Azər Məmmədov söyləyib.

Onun sözlərinə görə, “SOCAR Georgia QAS” Gürcüstanda əhalinin təbii qazla təmin olunmasında fəal iştirak edir. Bu günə qədər bu sahədə heç bir problem olmayıb”.

“Biz qalan əhalinin də “mavi yanacaq”la təmin olunmasında iştirak etməyə hazırıq. Lakin bu barədə hələlik Gürcüstan hökuməti heç bir operatorla danışıqlara başlamayıb”, - deyə şirkətin direktoru vurğulayıb.

Qeyd edək ki, Gürcüstan hökuməti ölkənin bölgələrində 5500 abonentin təbii qazla təmin olunması barədə qərar qəbul edib. Bununla əlaqədar Gürcüstanın 2018-ci il dövlət büdcəsində maliyyə vəsaiti nəzərdə tutulub.

Gürcüstanın Energetika Nazirliyindən bildirilib ki, artıq bəzi bölgələrdə layihələndirmə işləri aparılıb, bəzi kəndlərdə işlər davam edir. Şərqi Gürcüstanda Qori bələdiyyəsində, Qərb bölgəsində Senaki və Çalendjixa bələdiyyələrində əhalinin qazla təmin olunması gələn il başa çatdırılacaq.

Energetika nazirinin müavini Romeo Mikutadze deyib ki, son 5 ildə əhalinin təbii qazla təmin olunmasına dövlət büdcəsindən 100 milyon GEL (təqribən 40 milyon dollar) vəsait xərcləyib. Təkcə 2017-ci ildə bu məqsədlər üçün 47 milyon GEL vəsait ayrılıb. Ölkə əhalisinin hamısının təbii qazla təmin olunması hökumətin qarşısında duran prioritet məqsədlərdən biridir. Bu işlər mütəmadi davam etdiriləcək.

Nazirliyin məlumatına görə, 2013-2016-cı illərdə Gürcüstanda 200 min abonent təbii qazla təmin olunub. Həmçinin 2014-2015–ci illərdə Abxaziya ilə sərhəddə yerləşən Tsxinvali regionunda 58 yaşayış məntəqəsində 13500 evə qaz çəkilib.

Bununla yanaşı, 2013-2017-ci illərdə ölkə üzrə 229 min abonent fərdi qaz sayğacları ilə təmin olunub.

Nazirlikdən bildiriblər ki, Gürcüstan əhalisinin təbii qazla, eləcə də sayğacla və qızdırıcılarla təmin olunmasında Azərbaycan şirkətləri, xüsusən də “SOCAR Georgia QAS” yaxından iştirak edib.

Nazirlikdə yeni abonentlərin də Azərbaycan qazı ilə təmin olunmasını istisna etməyiblər.