Azərbaycanın inkişaf etmiş ölkələr ilə müqayisədə elmi-texniki geriliyini aradan qaldırmaq və onun tam tərəfdaş kimi qlobal innovasiya mühitinə daxil olmasını təmin etmək milli innovasiya sisteminin tezliklə formalaşmasından asılıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri Hüseyn Hüseynov Bakıda BMT-nin Davamlı İnkişaf Məqsədləri çərçivəsində keçirilən “Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, bununla əlaqədar müvafiq inkişaf proqramının işlənilməsi bir çox problemlərin konstruktiv həllini, idarəetmə qərarlarının qəbul edilməsi üçün zəruri olan təsirli, səmərəli innovasiya sistemi nəzəriyyəsinin işlənilməsinin vacibliyini ön plana çəkir. Ölkə iqtisadiyyatının innovasiya inkişafı xəttinin düzgün müəyyənləşdirilməsi həm də innovasiya inkişafının xarici təcrübələrinin çox ətraflı öyrənilməsini, bu təcrübələrin Azərbaycanda tətbiqi imkanlarının araşdırılmasını tələb edir.
H.Hüseynov qeyd edib ki, ümumiyyətlə iqtisadiyyatın davamlı və dinamik inkişafı elmi-tədqiqatların effektivliyindən birbaşa asılıdır. Bu proseslərin effektivliyi isə məqsədyönlü idarəetməni tələb edir.