Son illər muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası əhalinin ərzaq məhsullarına olan tələbatını ödəməklə yanaşı, məşğulluğun təmin edilməsinə də stimul verib. Bu sahədə aparılan ardıcıl tədbirlər hesabına Babək rayonunda da yeni üzüm bağı salınıb.
AZƏRTAC xəbər verir ki, Babək qəsəbəsində 2 hektarlıq ərazidə salınan yeni bağda 3080 ədəd üzüm tingi əkilib. Əkin zamanı Naxçıvanın yerli üzüm sortlarından olan ağ tayfı, ağ aldərə, hənəqırna, qırmızı kişmişi növlərindən istifadə olunub. Yeni üzüm bağlarının salınması istehsalın həcminin artmasına, daxili bazarda bu məhsula olan tələbatın yerli imkanlar hesabına ödənilməsinə şərait yaradır, görülən işlər Naxçıvanda üzümçülüyün əvvəlki şöhrətinin özünə qaytarılmasına xidmət edir.
Qeyd edək ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” bu sahənin inkişafına stimul verən daha bir mərhələnin əsasını qoyub. Təkcə ötən il Uzunoba Su Anbarının yaxınlığındakı ərazidə 2 hektar sahədə 2500-ə yaxın üzüm tingi əkilib.