28 noyabr 2017 14:33
558

MBNP-da banklarla kapital bazarının inkişafına dair görüş keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bankların, Milli Depozit Mərkəzinin (MDM), Bakı Fond Birjasının (BFB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri ilə birgə görüş keçirilib.

“Report” Palataya istinadən xəbər verir ki, görüşdə bankların kapital bazarlarında birbaşa iştirak etməsi və investisiya xidmətləri həyata keçirməsi, habelə Azərbaycan Mərkəzi Bankının notları ilə bağlanan əqdlər üzrə klirinq-hesablaşmaların optimallaşdırılması ilə bağlı təqdimatlar olub.

Qeyd edilib ki, bankların investisiya şirkətinin vasitəçiliyi olmadan qiymətli kağızlar bazarında iştirak etməsi bazarın inkişafında əhəmiyyətli rol oynaya bilər.

Daha sonra mövzu ilə bağlı iştirakçıların sualları ətrafında müzakirələr aparılıb, fikirlər dinlənilib. Qərara alınıb ki, təqdim edilmiş mövzular üzrə işlər davam etdirilsin.