28 noyabr 2017 17:09
515

“Ağır sənaye və maşınqayırmanın inkişafına dair" Strateji Yol Xəritəsi üzrə müzakirələr aparılıb

Prezident Administrasiyasının müvafiq tapşırığının icrası məqsədilə İqtisadiyyat Nazirliyinin əlaqələndiricisi olduğu "Ağır sənaye və maşınqayırmanın inkişafına dair" Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün koordinasiya prosesinin təşkilinə dair nazir Şahin Mustafayevin 8 noyabr 201717 tarixli əmri ilə, onun müavini Niyazi Səfərovun rəhbərliyi ilə yaradılmış işçi qrupun ilk iclası keçirilib.

“Report” nazirliyə istinadən xəbər verir ki, iclasda Təhsil, Energetika və Müdafiə Sənayesi nazirliklərinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM), Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Tarif (Qiymət) Şurasının Katibliyinin nümayəndələri iştirak edib.

Strateji Yol Xəritəsinin Tədbirlər Planında nəzərdə tutulmuş işlərin icrasının sürətləndirilməsi və qarşıya qoyulmuş hədəflərə nail olunması məqsədilə əsas icraçı qurumlar, habelə İİTKM arasında əlaqəli və birgə fəaliyyətin təmin edilməsi, eləcə də tədbirlərin tam, vaxtında və mahiyyəti üzrə icrası üçün zəruri və tələb olunan tədbirlərin görülməsi, icra zamanı mövcud ola biləcək risklərin vaxtında müəyyən olunaraq aradan qaldırılması istiqamətində müzakirələr aparılıb. Həmçinin, işçi qrupun növbəti iclasının İİTKM-də keçirilməsi və həmin iclasda hər bir qurumun əsas icraçısı olduğu tədbirlər üzrə hesabatların dinlənilməsi də müzakirə edilib.