28 noyabr 2017 20:22
879

AZPROMO-nun rəhbəri yenidən vitse-prezident seçilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov 3-cü dəfə İnvestisiyaların Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) vitse-prezidenti seçilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dubayda WAIPA-nın Baş Assambleyasının iclası və XXII Dünya İnvestisiya konfransı keçirilib. WAIPA-nın konfransında AZPROMO-nun aktiv fəaliyyəti, təşkilatın inkişafına verdiyi töhfə nəzərə alınaraq idarəetmə komitəsinin qərarı ilə qurumun rəhbəri Rüfət Məmmədov növbəti dəfə WAIPA-nın vitse-prezidenti seçilib.

Qeyd edək ki, WAIPA 1995-ci ildə Cenevrədə yaradılıb və 130 ölkədən 170 üzvü var. Assosiasiyanın başlıca məqsədi investisiyaların təşviqi üzrə agentliklər arasında əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi sahəsində informasiya mübadiləsi və üzv təşkilatlara investisiyalar üzrə strategiyanın formalaşmasında dəstək göstərilməsidir.