Gömrükçülər gömrük tranziti və əqli mülkiyyət hüquqları ilə bağlı məlumatlandırılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 28-də Bakıda Gömrük Yol Xəritələri üzrə TAIEX seminarı işə başlayıb. Seminarı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq çərçivəsində Avropa İttifaqı təşkil edib. Məqsəd Azərbaycan Gömrük Xidmətinin əməkdaşlarını Avropa İttifaqının gömrük bülletenlərinin ətraflı təsviri, eləcə də İttifaqa üzv ölkələrin təşkilati və idarəetmə, təlim, təchizat zəncirinin təhlükəsizliyi, sərhəd və daxili nəzarət, gömrük tranziti və əqli mülkiyyət hüquqları ilə bağlı təcrübələrinə dair məlumatlarla təmin etməkdir.
Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı səmərəli, işgüzar əlaqələr mövcuddur və bu əlaqələr gömrük sferasında da uğurla davam etdirilir. Avropa ittifaqının gömrük məcəlləsində, gömrük prosedurlarının tətbiqində, daxili nəzarət qaydalarında, əqli mülkiyyət hüquqlarının qorunması sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq ticarətin asan, sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə şərait yaratdığını diqqətə çatdıran Ş.Bağırov əldə olunan nailiyyətlərin ölkəmizdə də tətbiqinin gömrük işinin təkmilləşməsinə və iqtisadiyyatın inkişafına şərait yaradacağını vurğulayıb.
Komitə sədrinin müavini Avropa İttifaqında elektron qaydada tətbiq edilən tranzit sisteminin mövcud olduğunu bildirib və bu sistemin Azərbaycanda tətbiqi istiqamətində görülən işlərdən, sistemin əhəmiyyətindən bəhs edib.
Avropa İttifaqının nümayəndəsi - Avstriya Maliyyə Nazirliyi Vergi və Gömrük Departamentinin əməkdaşı Maykl Praşak Dövlət Gömrük Komitəsinin standartlarının yüksək səviyyədə olduğunu diqqətə çatdırıb və seminarın səmərəli şəkildə, qarşılıqlı müzakirələr şəraitində keçəcəyinə ümidvar olduğunu bildirib. Avropalı ekspert Çindən Avropaya uzanan tarixi İpək Yolunun reallaşmasında region ölkələrinin maraqlı olduğunu və Azərbaycanın bu layihənin həyata keçməsində mühüm rol oynadığını vurğulayıb.
İki günlük seminarda Avropa İttifaqının nümayəndələri - Avstriya Maliyyə Nazirliyi Vergi və Gömrük Departamentinin əməkdaşı M.Praşak və Sloveniya Maliyyə Nazirliyinin nümayəndəsi Branko Qreqoriçin təqdimatında Avropa İttifaqı Gömrük Birliyinin təqdimatı və gömrük sahəsində əsas prioritetlər, gömrük bülletenlərinin məqsəd və tarixi, metodologiyası, gömrük bülletenləri ilə bağlı əvvəlki təcrübələr, təchizat zəncirinin təhlükəsizliyi, gömrük tranziti, sərhəd və daxili nəzarət, əqli mülkiyyət hüquqlarına dair məruzələr dinləniləcək.