29 noyabr 2017 19:11
526

Müasir güclü Azərbaycan hər birimizin qüruru, güvən yerimizdir

Son illər Azərbaycanın davamlı iqtisadi inkişaf sahəsində əldə etdiyi böyük nailiyyətlər bir daha sübut etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi islahatlar, əlverişli investisiya mühitinin yaradılması, iqtisadi siyasət çərçivəsində zamanın tələblərinə uyğun olaraq zəruri tədbirlərin həyata keçirilməsi müstəsna əhəmiyyətə malikdir.

Sirr deyil ki, iqtisadi inkişafın səviyyəsindən asılı olmayaraq, iqtisadiyyata investisiyaların yatırılması hər bir dövlətin iqtisadi siyasətinin özəyini təşkil edən aktual məsələlərdən biridir. Bu gün dünyada baş verən qlobal maliyyə böhranı şəraitində bu aktuallıq hər bir ölkə üçün olduğu kimi, respublikamız üçün də son dərəcə əhəmiyyətlidir. Burada özəl sahibkarlıq tərəfindən yatırılan investisiyalar xüsusi rola malikdir.

Dövlətimizin başçısı bu il Azərbaycanda iqtisadi islahatlarla bağlı çox ciddi addımların atıldığını vurğulayaraq deyib: “Strateji yol xəritələrinin icrası təmin edilir. Sahibkarlığın inkişafı təmin edilir. İnvestisiya təşviqi mexanizmi tam işə düşmüşdür. Onu qeyd etməliyəm ki, 200-dən çox investisiya təşviqi sənədi verilmişdir. Bu layihə, bu istiqamət çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1,7 milyard manat həcmində investisiya qoyuluşu təmin ediləcək. Yəni, görün, bir ciddi islahatın aparılması ilə biz 1,7 milyard manat özəl sektor sərmayəsini Azərbaycana cəlb etdik”.

Qeyd olunduğu kimi, “İnvestisiyaların təşviqi proqramı”nın qəbul edilməsi və uğurla həyata keçirilməsi ölkəmiz üçün müstəsna əhəmiyyət daşıyır. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da investisiyalar milli iqtisadiyyatın inkişafının mühüm maliyyə mənbəyidir, həmçinin bu mənbə sayəsində nəinki, ancaq istehsal inkişaf etdirilir, eyni zamanda,

iqtisadaiyyatın strukturunda ciddi sosialyönümlü dəyişikliklərin baş verməsi də şərtləndirilir.

Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar istehsal sahələrinin genişləndirilməsi, məhsuldarlığın və iqtisadi səmərəliliyin yüksəldilməsi, eləcə də ixracyönümlü və dünya bazarlarında yüksək rəqabət qabiliyyətinə malik məhsulların istehsal olunması istiqamətində daha geniş imkanlar əldə edir. Bir sözlə, “İnvestisiyaların təşviqi proqramı”nın qəbul edilməsi və uğurla reallaşdırılması ölkəmizdə investisiya fəaliyyətinin və özəl sahibkarlığın dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunun bariz nümunəsidir.

Təsisçi olduğum “Bakı İnşaat Sənaye” ASC də bu proqramın həyata keçirilməsindən faydalanan müəssisələrdəndir. Həmin proqram çərçivəsində həyata keçirilən investisiya layihəsinə uyğun olaraq, ağır metallurgiya sahəsində fəaliyyət göstərən səhmdar cəmiyyətimiz müxtəlif növlü poladların, həm də yeni texnologiyaların tətbiqi ilə hazırlanan korroziyaya davamlı, dənizdə, quruda, tikinti sektorunda, qaz və su boru xətlərində istifadə edilən polad boru və müxtəlif ölçülü profillərin istehsalını, eləcə də digər ixracyönümlü, yüksək keyfiyyətli metal məmulatlarının istehsalını genişləndirmək məqsədilə yeni avadanlıqların gətirilməsi və quraşdırılması prosesini bitirmək ərəfəsindədir.

Nəticədə, müəssisəmizin istehsal gücü dəfələrlə artacaq ki, bu da yeni iş yerlərinin açılması, xarici bazarlara rəqabətqabiliyyətli daha geniş çeşidli məhsullarla çıxmaq imkanının əldə edilməsi deməkdir. Artıq son bir neçə ay ərzində idxal əməliyyatlarımızda 30 faizədək artım qeydə alınıb ki, bu da kiçik də olsa, səhmdar cəmiyyətimizin qeyri-neft sektorundan ölkəmizə valyuta daxilolmalarına verdiyimiz bir töhfədir. Həmçinin xarici tərəfdaşlarımızdan yeni sifarişlər də daxil olmaqdadır. Bundan əlavə, hazırda ikinci layihənin işlənib hazırlanması üzərində çalışırıq. Onun Qafqazda analoqu olmayan layihə olacağı gözlənilir. Artıq tərəfdaşlarımızla niyyət protokolları da imzalanıb. Əsas məqsədlərimizdən biri də bu layihənin olduqca qısa bir zamanda reallaşdırmaqdan ibarətdir.

Xüsusilə qeyd etmək istərdim ki, İqtisadiyyat Nazirliyin “İnvestisiyaların təşviqi proqramı”nın həyata keçirilməsində rolu böyükdür. Göndərilən layihələrin yubadılmadan, vaxtlı-vaxtında dəyərləndirilməsi, müvafiq monitorinqlərin tam şəffaf şəkildə aparılması sahibkarların bu mühüm dövlət qurumu ilə təmaslarını asanlaşdırır, heç bir bürokratik əngəllər olmadan müvafiq prosedurların həyata keçirilməsini təmin edir. Qeyd etmək istərdim ki, ikinci investisiya layihəsinin də həyata keçirilməsi reallaşarsa, müəssisəmizdə daha yüzlərlə yeni iş yerləri açılacaq, istehsal həcmi artacaq, yeni xarici bazarlara əhəmiyyətli dərəcədə yenilənmiş məhsullarla çıxmaq imkanlarımız genişlənəcək.

Bütün bu perspektivlər Prezident İlham Əliyev tərəfindən uğurla aparılan islahatların müsbət nəticələri sayəsində mümkün olub. Son doqquz ay ərzində əldə edilmiş inkişaf proseslərini əks etdirən göstəricilərə toxunan dövlətimizin başçısı ölkə iqtisadiyyatının qeyri-neft sektorunun 2,5 faiz artdığını vurğulayaraq deyib: “Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir”.

Göründüyü kimi, Azərbaycanda sahibkarlığın, qeyri-neft sektorunun, sənaye sahələrinin inkişaf etdirilməsi üçün gözəl şərait yaradılıbdır. Qeyri-neft sənayesinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların mühüm tərkib hissəsidir. Yaradılan bu əlverişli şəraitdən düzgün istifadə etmək, ölkəmizin iqtisadi qüdrətinin artırılması üçün əlimizdən gələni əsirgəməmək biz sahibkarların borcudur.

Ölkəmizdə investisiya olunan kapital resursları milli gəlirin artırılmasına səbəb olur, digər tərəfdən gəlirlərin artırılması ilə əhalinin sərəncamına keçən gəlirlərin payı da artır. Sirr deyil ki, bütün bunların reallaşdırılması üçün ölkədə sabitliyin mövcud olması zəruri şərtdir. Bu məsələyə toxunan dövlətimizin başçısı qeyd edir: “Bizim iqtisadi siyasətimiz real həyatda öz əksini tapır. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi iqtisadi sahədə də həm investisiyaların cəlb edilməsini, həm yerli investorların investisiyaları ölkəmizə həvəslə yatırmalarını təmin etmişdir. Həm xarici investorlar, həm də yerli sahibkarlar tərəfindən ölkəmizin gələcəyinə çox böyük inam var və bu inam əsaslıdır”.

Respublikamızda sahibkarlar üçün mövcud olan şəraiti dünyanın çox az ölkələrində müşahidə etmək mümkündür. Sahibkarların yeganə güvən yeri dövlətimiz, zəngin idarəetmə təcrübəsinə, tükənməz enerjiyə, möhkəm iradəyə və qətiyyətə malik lideri Prezident İlham Əliyevdir. Azərbaycan sahibkarları sabaha böyük inam və ümidlərlə baxır, dövlət başçısı ətrafında sıx birləşərək çalışırlar.

Əminliklə söyləyə bilərik ki, Azərbaycan xalqı hazırda tarixinin çox məsul və şərəfli bir dövrünü yaşayır. Respublikamız dünyada inkişaf edən ən dinamik ölkələrdən biri sayılır və böyük perspektivlərə malikdir. Cənubi Qafqaz iqtisadiyyatında dörddə üç paya malik olan

Azərbaycan hazırda regional lider, bir sıra qlobal məsələlərdə mühüm geosiyasi oyunçu, habelə beynəlxalq imici durmadan artan nüfuzlu ölkədir. Dövlətimizin başçısı deyib: “1993-2003-cü illərdə Azərbaycanda aparılmış böyük işlər ölkəmizi gücləndirdi. Azərbaycan bütün çətin sınaqlardan şərəflə çıxa bilmişdir və bugünkü sürətli inkişafın da təməli o illərdə qoyulmuşdur. Ondan sonrakı 14 il ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib. Bu gün Azərbaycan güclü ölkəyə çevrilibdir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır”.

Prezident İlham Əliyevin bu sözləri xalqına, dogma torpağına, dövlətinə sadiq olan hər birimizdə qürur hissi oyadır, daha böyük həvəslə çalışmağa stimul verir. Biz bir daha yaradılan şəraitə görə dövlətimizin başçısına öz dərin minnətdarlığımızı bildiririk və güclü Azərbaycan dövləti naminə çalışmaq bizim üçün böyük şərəfdir.