01 dekabr 2017 21:03
730

Ağstafanın Ağgöl kəndinə ilk dəfə təbii qaz verilib

Ağstafa rayonunun Ağgöl kəndinə ilk dəfə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq dekabrın 1-də Ağstafa rayonunun Ağgöl kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 100 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1107 metr müxtəlif diametrli polietilen, ümumi uzunluğu 6 min 674 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda rayonun Böyük Kəsik kəndində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatdırılaraq yaşayış məntəqəsinə təbii qazın verilişi təmin olunacaq.

Sakinlər kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.