05 dekabr 2017 19:12
1060

Torpaqların konsolidasiyası fermerlərə daha çox məhsul götürməyə imkan verir

Torpaqların konsolidasiyası fermerlərə daha çox məhsul götürməyə imkan verir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Qida, Əkin və Heyvandarlıq Nazirliyinin Dənizli şöbəsinin sədr müavini Mehmet Atmacaoğlu deyib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin və Salyanın Şorsulu kəndinin fermerlərinin Türkiyəyə səfəri çərçivəsində keçirilən görüşdə Mehmet Atmacaoğlu Dənizlidə bu istiqamətdə görülən işlər və onun nəticələri barədə məlumat verib.

Onun sözlərinə görə, Türkiyədə torpaqların konsolidasiyasının ilk vaxtlarında fermerləri narahat edən bir sıra məsələlər vardı. Ancaq təsərrüfat sahibləri bir müddət keçdikdən sonra konsolidasiyanın faydalarını görüb, daha çox məhsul götürməyə başladılar.

Sədr müavini qeyd edib ki, kiçik pay torpaqlarının birləşdirilməsi zamanı bir sıra qurumlar əlaqəli şəkildə fəaliyyət göstərməli, fermerləri bu istiqamətdə maarifləndirməlidir.

Görüş zamanı "Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək" layihəsinin milli ekspertlər qrupunun rəhbəri Amin İsmayılov Salyanın Şorsulu kəndində torpaqların birləşdirilməsi ilə bağlı pilot layihənin icrasına başlandığını və Türkiyəyə səfərin də pilot layihə çərçivəsində həyata keçirildiyini diqqətə çatdırıb.

Bildirib ki, torpaqların konsolidasiyası Azərbaycanda yeni mərhələ olduğu üçün bu sahədə fermerlərin bir sıra sualları mövcuddur. Bu səfər onları maraqlandıran sualların cavablandırılması üçün çox faydalıdır.

Görüşdə torpaqların konsolidasiyası ilə bağlı hər iki ölkənin nümayəndələri arasında müzakirələr aparılıb.