08 dekabr 2017 18:15
561

Tvinninq layihəsinin yekun iclası keçirilib

Dekabrın 8-də Dövlət Dəniz Administrasiyasında “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına Dəstək” Tvinninq layihəsinin yekun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsində və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarət olub.

Yekun iclasda Dövlət Dəniz Administrasiyasının rəisinin müavini Şahlar Məmmədov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, üzv dövlətin layihə rəhbəri Benito Nunez Quintanilla, Rezident Tvinninq müşaviri Fernando Juan Collado Simon, eləcə də Nazirlər Kabineti, İqtisadiyyat, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri və digər rəsmilər iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov bildirib ki, respublikamızda dəniz nəqliyyatı sahəsinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən xüsusi əhəmiyyətli zəruri tədbirlərdən biri və ən önəmlisi mövcud maddi texniki bazadan daha səmərəli istifadə edilməsi məqsədilə dəniz nəqliyyatı sahəsi üzrə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlərdir.

Məhz Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin Azərbaycan üzrə Fəaliyyət Proqramı çərçivəsində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında həyata keçirilən “Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında” Tvinninq layihəsindən uğurlu nəticələr əldə edilib. Bundan əlavə, bu Tvinninq layihəsi də respublikamızda dəniz nəqliyyatı sahəsi üzrə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilə bilər.

Tədbirdə vurğulanıb ki, “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsi çərçivəsində qarşıya qoyulan məqsədlərə tam nail olunub.

“Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında” 1976-cı il tarixli Beynəlxalq Konvensiyaya dəyişikliklər edilməsi barədə” 1996-cı il tarixli Protokol Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 466-VQ nömrəli Qanunu ilə təsdiq edilib və həmin Protokola uyğunlaşdırılması məqsədilə hazırlanan “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

Bundan başqa, dəniz nəqliyyatı sahəsi üzrə inzibati məsuliyyəti müəyyən edən normativ hüquqi aktlar, İnzibati Xətalar və Ticarət Gəmiçiliyi Məcəllələrinin müvafiq hissələri bir daha nəzərdən keçirilib, müvafiq müddəalar ətraflı təhlil edilərək, qiymətləndirilmə aparılıb və qanun layihələri yenidən işlənərək hazırlanıb. Nəticədə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun 2017–ci il 16 may tarixində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, bütün nəqliyyat növlərinin təhlükəsizliyi və mühafizəsi sahəsində qanunvericilik və normativ bazanın Avropa və beynəlxalq standartlara uyğunlaşdırılması prosesində Avropa İttifaqının Azərbaycana dəstək göstərməsi istiqamətində reallaşan əməkdaşlığı uğurla davam edir. Səfir Beynəlxalq Dəniz Təşkilatının üzv Dövlətlərinin Audit Sxeminə (İMSAS) əsasən keçirilən audit yoxlamasına hazırlıq prosesində Tvinninq layihəsinin əhəmiyyətli rolu olduğunu bildirərək, yoxlamanın nəticələrinin yüksək qiymətləndirildiyini qeyd edib. O, həmçinin 2014-cü ildə başa çatan “Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında” Tvinninq layihəsindən danışıb.

Bundan əlavə, səfir diqqətə çatdırıb ki, hazırda yekun iclası keçirilən Tvinninq layihəsinin reallaşması da Dövlət Dəniz Administrasiyasının təşəbbüsü ilə baş tutub.

Toplantıda çıxış edən Dövlət Dəniz Administrasiyasının rəsmiləri bildiriblər ki, dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə Beynəlxalq Dəniz Təşkilatının audit ekspert qrupunun Azərbaycan Respublikasında keçirdiyi audit yoxlama zamanı Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatı sahəsində formalaşdırılmış siyasətə uyğun olaraq həyata keçirilən davamlı islahatlar və bu məqsədlə təsdiq olunmuş mövcud normativ hüquqi aktlar, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində məqsədyönlü və ciddi tədbirlərin həyata keçirilməsi Audit Ekspert Qrupu tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Çıxışlarda audit yoxlamasına hazırlıq işlərinin aparılması, həyata keçirilmiş iki Tvinninq layihəsinin nəticəsi olaraq qanunvericiliyimizin Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyalara, habelə müvafiq Avropa İttifaqı direktivlərinə uyğun təkmilləşdirilməsi, treninq və seminarların təşkilinə dair təcrübə mübadiləsinin aparılması, aidiyyəti məsələlərin müzakirə edilməsi və lazımi tədbirlərin görülməsi istiqamətində ispaniyalı mütəxəssislərlə həyata keçirilən əməkdaşlıq xüsusi vurğulanıb.

İclas zamanı administrasiyanın tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi nümayiş etdirilib. Ən son və müasir standartlara cavab verən izləmə avadanlıqları vasitəsilə təmin olunan belə bir mərkəzin “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinə uyğun olaraq Xəzəryanı ölkələrdə ilk dəfə Azərbaycanda yaradıldığı qeyd edilərək, görüş iştirakçılarına uzaq məsafədə üzən gəmilərin izlənilməsi prosesi ilə yaxından tanış olmaq imkanı yaradılıb.

İclasın sonunda tərəflər Avropa İttifaqının dəniz nəqliyyatı sahəsindəki təcrübəsinin ölkəmiz üçün əhəmiyyətindən bəhs edib və Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında digər sahələrdə də əməkdaşlığın genişləndirilməsinin ölkəmizdə dəniz nəqliyyatı sahəsində mövcud potensialın inkişafına şərait yaradacağını vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsinə daim üstünlük verir. Avropa Qonşuluq və Tərəfdaşlıq Proqramları çərçivəsində “Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında” Tvinninq layihəsindən sonra “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” Tvinninq layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən artıq ikinci uğurlu layihələrdəndir.