İlin əvvəlindən dekabrın 1-dək Gədəbəy rayonunda iqtisadiyyatın müxtəlif sahələrinə yerli iş adamları və beynəlxalq təşkilatlar tərəfindən, ümumilikdə, 25 milyon 695,5 min manat investisiya cəlb edilib. Rayona qoyulmuş sərmayənin 25 milyon 423,5 min manatı yerli investisiya olub. Bu investisiyalar hesabına rayonda 477 yeni iş yeri yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Gədəbəy rayonunda cari ildə cəlb edilmiş investisiyalar, mövcud vəziyyət və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə məlumat verilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Rayonda fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilən tədbiri icra hakimiyyətinin başçısı Ramiz Yediyarov açıb, 2017-ci ildə rayona cəlb edilmiş investisiyalar, yeni açılmış iş yerləri, eləcə də icrası yekunlaşmış sosial və infrastruktur layihələri barədə ətraflı məlumat verib.
Bildirilib ki, Gədəbəy rayonunda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə bir sıra mühüm işlər görülüb. Ümummilli lider Heydər Əliyevin irsinin təbliği məqsədilə daxili imkanlar hesabına Gədəbəy şəhərində Heydər Əliyev Mərkəzi, dövlət atributlarının təbliği məqsədilə Bayraq meydanı tikilib. Vətəndaşların çoxsaylı müraciətləri əsasında 156 yerlik “Mərasim evi” istifadəyə verilib.
Tədbirdə Gədəbəy Rayonu İcra Hakimiyyəti başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayev rayonun sosial-iqtisadi göstəriciləri və bu istiqamətdə görülən işləri diqqətə çatdırıb.
Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Asəf Nağıyev kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara göstərilən dövlət qayğısından danışıb. O, aqrar sahəyə cəlb olunmuş investisiyalar və dövlət tərəfindən ayrılmış subsidiyalar barədə ətraflı məlumat verib.
“Gədəbəy Mineral Suları” MMC-nin planlama müdiri Ələkbər Məmmədov çıxış edərək, müəssisənin nəzdində yeni limonad istehsalı fabrikinin açıldığını və bunun sayəsində 25 nəfərin daimi işlə təmin edildiyini deyib.
“Meh” istirahət kompleksinin əməkdaşı Pərvin Hüseynli yeni kompleksin fəaliyyət istiqamətləri, göstərilən xidmətlər barədə danışıb.
Sonda rayona investisiyaların cəlbində, yeni iş yerlərinin yaradılmasında və rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fərqlənən iş adamları fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.