Dünyada hər gün 10 milyondan çox insan mülki aviasiya təyyarələrində uçur, bu təyyarələr gündə yüz minə yaxın reys yerinə yetirirlər.
Hava daşımaları beynəlxalq əməkdaşlığın ən uğurlu nümunəsidir. Aviasiya nəqliyyatı ölkələri və qitələri əlaqələndirir. Heç bir dövlət tərəfdaşlarının köməyi olmadan uçuşların təhlükəsizliyini təmin etməyə qadir deyil.
AZƏRTAC Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) son məruzəsinə istinadla xəbər verir ki, son beş ildə aviasiya qəzalarının və bu qəzalarda həlak olanların sayı ardıcıl olaraq azalmaqdadır. Keçən il 75 belə hadisə qeydə alınıb. Bu, əvvəlki ilin göstəriciləri ilə müqayisədə 18 faiz aşağıdır. Hazırda dünyada hər milyon təyyarə uçuşuna təxminən iki qəza düşür.
İCAO aviadaşımalar sahəsində beynəlxalq əməkdaşlığı daha da möhkəmlətməyə və dünyanın bütün ölkələrini bu prosesə cəlb etməyə çağırır.
Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-sentyabr aylarında 3,1 milyon sərnişinə xidmət edib. Sərnişin axınının 85 faizi beynəlxalq reyslərin payına düşüb. Bakı aeroportundan beynəlxalq daşımaların 46,1 faizi AZAL-ın, 53,9 faizi isə xarici aviadaşıyıcıların təyyarələri ilə yerinə yetirilib.
Hazırda Bakı aeroportu 53 istiqamət üzrə 30 aviaşirkətə xidmət edir. Ən populyar beynəlxalq istiqamətlərin ilk onluğuna Bakı, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. 2017-ci ilin yanvar-sentyabr aylarında bu istiqamətlər üzrə 1,9 milyon sərnişin uçub.
Bütün dünyada müxtəlif aviaşirkətlər və aeroportlar tərəfindən təqdim edilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan nüfuzlu “Skytrax” konsaltinq şirkəti (Britaniya) Heydər Əliyev Beynəlxalq Aeroportuna yüksək “4 ulduz” kateqoriyası mənimsədib.
Cari ilin mart ayında Bakı aeroportu təqdim edilən xidmətlərin səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyası üzrə Rusiyanın və MDB ölkələrinin bütün aeroportları arasında ən yaxşı aeroportların siyahısında birinci yerdə olub.