Rusiyanın neft ixracı üzrə gəlirləri 28 faiz, təbii qaz üzrə gəlirləri isə 22 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti (FTS) məlumat yayıb.
Bildirilir ki, 2017-ci ilin yanvar-oktyabr aylarında ölkənin neft ixracı üzrə gəlirləri keçən ilin eyni dövrünə görə 28,9 faiz artaraq 76,93 milyard dollara çatıb. İlin ilk 9 ayında neft ixracının həcmi isə 0,5 faiz artaraq 213,716 milyon ton olub.
2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə bu ilin ilk 9 ayında Rusiyanın təbii qaz ixracı üzrə gəlirləri 22,1 faiz artaraq 29,8 milyard dollar təşkil edib. Hesabat dövründə ölkənin təbii qaz ixracının həcmi isə 6,3 faiz artaraq 168,2 milyard kubmetrə çatıb.
Qeyd edək ki, Rusiya Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) ilə əldə etdiyi razılaşmaya görə gündəlik neft hasilatını 300 min barrel azaltmaq barədə öhdəlik götürüb. Ölkənin gündəlik neft hasilatı oktyabrda 308 min barrel azalıb.