13 dekabr 2017 17:18
718

Azərbaycanda ailə biznesinə dəstək məqsədilə yeni layihə ilə bağlı müqavilə imzalanıb

Dekabrın 13-də Azərbaycanın Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə bizneslərinin inkişafına lazımi dəstəyin verilməsi ilə bağlı yeni layihənin başlanması məqsədilə 1 saylı “ASAN xidmət” mərkəzində Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və “ABAD” publik hüquqi şəxs arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, Aİ nümayəndəliyinin və “ASAN xidmət” rəhbərliyinin təmsilçiləri iştirak ediblər.

İnam Kərimov çıxış edərək deyib ki, BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ABAD” publik hüquqi şəxsi ilə sıx əməkdaşlığı nəzərdə tutur. Yeni iş birliyi Balakəndə regional “ABAD Mərkəz”ə geniş dəstək verməklə bölgələrdə yeni imkanların yaradılmasına töhfə verəcək, ölkədə müasir və dayanaqlı ailə biznes modellərinin formalaşmasına və inkişafına xidmət edəcək.

2020-ci ildə başa çatacaq layihə Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və “ABAD” publik hüquqi şəxs tərəfindən maliyyələşdirilir.