14 dekabr 2017 21:33
730

OPEC neft hasilatının azaldılmasına dair sazişə 115 faiz əməl edib

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) noyabr ayında neft hasilatının azaldılması üzrə sazişə 115 faiz əməl edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Bildirilir ki, OPEC-in neft hasilatının azaldılmasına dair sazişə əməletmə səviyyəsi oktyabrdakı 91 faizlə müqayisədə noyabrda 115 faizə yüksəlib.

Ötən ay OPEC-in xam neft istehsalı oktyabrla müqayisədə gündəlik 130 min barrel azalaraq 32 milyon 360 min barrelə düşüb. OPEC-in xam neft istisna olmaqla şərti olmayan digər istehsalı isə 6 milyon 930 min barrel olub. Beləliklə də, noyabrda OPEC-in ümumi hasilatı 39 milyon 290 min barrel təşkil edib.

OPEC üzrə istehsal ən çox Səudiyyə Ərəbistanı, Anqola və Venesuelada azalıb. Səudiyyə Ərəbistanının neft hasilatı may ayından bu vaxtadək maksimum həcmdə azalıb. Belə ki, gündəlik istehsalını 80 min barrel azaldan Səudiyyə Ərəbistanı noyabr ayında sutkada 9 milyon 970 min barrel neft çıxarıb.