15 dekabr 2017 21:40
720

Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib

Dekabrın 15-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 76-cı iclası keçirilib. İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

AZƏRTAC xəbər verir ki, iclasda MDB ölkələrinin 2020-ci ilədək Dövlətlərarası İnnovasiya Əməkdaşlığı Proqramı çərçivəsində dövlətlərarası innovasiya layihələri və tədbirlərinin hazırlanması və maliyyələşdirilməsi qaydaları layihəsini təsdiq ediblər.

MDB İqtisadi Şurasının üzvləri elektron və elektrotexniki avadanlıq tullantılarının idarə olunması sahəsində əməkdaşlıq barədə Saziş, eləcə də Gömrük sahəsində Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında Sazişə düzəlişlər barədə Protokol layihələrini təsdiq ediblər.

İclasda MDB Hökumət Başçıları Şurasının dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasəti haqqında Konsepsiya və MDB ölkələri dəmir yollarında 2017-ci ildə Tarif siyasəti haqqında Qərarları nəzərdən keçirilib. İclas üzvləri MDB Dəmir Yolu Şurasına yükdaşımalarının həcminin artırılması məqsədilə tarif siyasətini təkmilləşdirməyi tövsiyə ediblər.

MDB İqtisadi Şurasının üzvləri təbii qazdan nəqliyyat vasitələri üçün mühərrik yanacağı kimi istifadə olunmasının inkişafı və stimullaşdırılmasına dair kompleks tədbirlərin 2020-ci ilədək həyata keçirilməsi məsələsini müzakirə edib, müvafiq nazirlik və müəssisələrə bu sahədə fəaliyyəti əlaqələndirməyi tapşırıblar.

İclasda bir sıra büdcə-maliyyə və təşkilati məsələlərə baxılıb.

MDB İqtisadi Şurasının növbəti iclasını 2018-ci ilin martında Moskvada keçirmək qərara alınıb.