16 dekabr 2017 17:52
750

Cənubi Amerikanın xəbər portallarında Bakı–Tbilisi–Qars dəmir yoluna dair məqalə dərc olunub

Cənubi Amerikanın nüfuzlu xəbər portallarında Bakı–Tbilisi–Qars dəmiryoluna dair məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Argentina və Paraqvayda akkreditasiya olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov tərəfindən Bakı–Tbilisi–Qars dəmiryol xətti barəsində yazılmış məqalə Argentinanın “Telam” və Paraqvayın IP agentliyinin xəbər portallarında yerləşdirilib. Məqalədə Bakı–Tbilisi-Qars dəmiryol xəttinin texniki göstəriciləri və fəaliyyəti barəsində ətraflı məlumat verilib, bu layihənin regional və beynəlxalq səviyyədə müxtəlif müstəvilərdə əhəmiyyətindən bəhs edilib.

Bildirilir ki, bu strateji layihə yalnız regiondakı ölkələrin tranzit potensialının artırılmasına deyil, həmçinin onların iqtisadiyyatının və müstəqilliyinin möhkəmlənməsinə böyük töhfə verir. Bununla da, Asiya və Avropa arasında ticarət mübadiləsi və sərnişindaşıma xidmətləri Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən dəmir yolu vasitəsilə daha təhlükəsiz və zaman baxımından daha səmərəli şəkildə həyata keçiriləcək.

Yazıda Avrasiya məkanında Bakı–Tbilisi–Qars dəmir yolunun qədim İpək Yolunu bərpa edən və müasir zamanın tələblərinə cavab verən bir layihə olduğu qeyd olunur. Belə ki, bu dəmir yolu xətti, eyni zamanda, çoxsaylı Mərkəzi Asiya ölkələrinin Avropa və dünya bazarlarına çıxışını daha da asanlaşdıracaq. Hər iki istiqamətdə yük və sərnişin daşımalarının həcminin gələcəkdə daha da artacağı və layihənin bu baxımdan gələcək iqtisadiyyat və turizm üçün daha səmərəli olacağı söylənilir.

Məqalədə Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyi nəticəsində reallaşan Bakı–Tbilisi–Qars dəmiryol layihəsinin tarixi və qlobal əhəmiyyətli bir layihə olduğu vurğulanır. Dəmiryol xəttinin regionda inkişaf, stabillik və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm rol oynayacağı qeyd olunur və bildirilir ki, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa İttifaqını Mərkəzi Asiya ölkələri ilə birləşdirən yeni nəqliyyat dəhlizi hər iki istiqamətdə daha sürətli, səmərəli və etibarlı şəkildə əlaqələrin qurulmasına zəmin yaradır.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı məqalələrin linkləri:

http://www.telam.com.ar/notas/201712/231765-el-renacimiento-del-expreso-de-oriente.html

https://www.ip.gov.py/ip/azerbaiyan-turquia-y-georgia-consolidan-relacionamiento-con-tren-que-une-asia-central-y-europa/