Muxtar respublikada bu ilin yanvar-noyabr aylarında 2 milyard 357 milyon 217 min 100 manat dəyərində ümumi daxili məhsul istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 5227,8 manata çatıb.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 879 milyon 800 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,2 faiz üstələyib.
İqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2017-ci ilin yanvar-noyabr aylarında 415 milyon 628 min 200 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz artaraq 382 milyon 549 min 300 ABŞ dolları, idxalın dəyəri 3,9 faiz azalaraq 33 milyon 78 min 900 ABŞ dolları təşkil edib. Nəticədə, xarici ticarətdə 349 milyon 470 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.