21 dekabr 2017 21:50
807

Xalid əl-Falih: OPEC+ anlaşmasına düzəliş barədə danışmaq hələ tezdir

OPEC neft hasilatının azaldılması anlaşmasının dəyişdirilməsi haqqında istənilən mövzuda danışmaq hələ tezdir. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih açıqlama verib.

Nazir bildirib ki, buna səbəb neft bazarında tarazlığın 2018-ci ilin II yarısından tez bərpa edilməyəcəyidir: "Anlaşmadan çıxış tədricən baş verəcək. Qlobal neft ehtiyatlarının azalması üçün çox vaxt tələb olunacaq", - deyə nazir əlavə edib.

Əl-Falih bildirib ki, neft ehtiyatlarında azalma gözləntilərə uyğun baş tutub: "Amma izafi ehtiyatlar hələ də 150 mln. barel artıqdır. Bu ehtiyatların bazardan absorbasiyası 2018-ci ilin II yarısından tez olmayacaq".

"Bizim hesablamalarımıza görə, qlobal neft ehtiyatlarında 2018-ci ilin ilk aylarında ya cüzi dəyişiklik olacaq, ya da, ümumiyyətlə, artım olacaq. Buna səbəb mövsümi amillər olacaq", -deyə nazir sözlərinə əlavə edib.