SOCAR istiqrazları bir alət idi və kapital bazarının iştirakçıları bunu lazımınca qiymətləndirdilər.
AZƏRTAC xəbər verir ki, “AzFinance” İnvestisiya Şirkətinin direktor müavini İntiqam Səfərəliyev bu fikirdədir.
İ.Səfərəliyev bildirib ki, ölkə iqtisadiyyatında şəffaflığın artırılması ilə bağlı ən təsirli yollardan biri də qiymətli kağızlar bazarına üz tutan şirkətlərə vergi güzəştlərinin verilməsi ola bilər: “Belə olarsa, şirkətlər vergi güzəştindən istifadə etmək üçün qiymətli kağızlar bazarına üz tutacaq və bazarının tələblərinə görə şəffaf olmağa başlayacaqlar”.
Qiymətli kağızlar bazarında çeviklik və ani qərar vermənin mühüm əhəmiyyət daşıdığını qeyd edən direktor müavini bildirib ki, bəzi şirkətlər vaxtında düzgün qərar vermədiyindən əldə edə biləcəkləri gəliri itirirlər: “Kapital bazarında çevik və yeni fikirlərə açıq olmalısınız. Əks halda gecikəcəksiniz və proseslərə yalnız qiymət artandan sonra reaksiya verəcəksiniz”.
İ. Səfərəliyev buna misal kimi SOCAR istiqrazlarını göstərib. Onun sözlərinə görə, vaxtilə istiqrazlara inamsız yanaşanlar hazırda bazarda onu yüksək qiymətə almağa çalışırlar: “Vaxtilə SOCAR istiqrazlarının işləməyəcəyini düşünənlər indi onları daha baha qiymətə almaq məcburiyyətində qalıblar və yəqin ki, onun qiyməti bir qədər də qalxacaq”.
Xatırladaq ki, SOCAR istiqrazları 2016-cı ilin oktyabrında 100 milyon dollar həcmində buraxılıb. İstiqrazların nominal qiyməti 1000 ABŞ dolları, illik gəlirliliyi 5 faiz təşkil edir. SOCAR-ın ilk dəfə tətbiq etdiyi geri alım zəmanəti sayəsində istiqrazları istənilən vaxt satmaq mümkündür. Bu fakt SOCAR istiqrazlarına böyük marağı təmin edib və nəticədə, hazırda istiqrazlar Azərbaycanın qiymətli kağızlar bazarında ən çox alınan maliyyə alətidir. İstiqrazlara böyük maraq nəticəsində onların qiyməti artaraq 1020–1026 dollara çatıb. İstiqrazlar üzrə növbəti ödənişə (yanvarın 17-də olacaq) qədər qiymətlərin bir qədər də yüksəlməsi gözlənilir.