ABŞ-da neft-qaz quyularının sayı artıb

23 dekabr 2017 18:10
806

ABŞ-dakı aktiv neft-qaz quyularının sayı artıb.

AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı dəyişməyərək 747 ədəd olub. Beləliklə də, ölkədəki aktiv neft quyularının sayı 4 həftədən sonra dəyişməz qalıb. Keçən həftə neft quyularının sayı 4 ədəd azalmışdı. ABŞ-dakı aktiv qaz quyularının sayı isə 1 ədəd artaraq 184 ədəd olub. Bu da o deməkdir ki, ABŞ-dakı aktiv neft-qaz quyularının sayı ötən həftə 1 ədəd artaraq ümumilikdə 931 ədəd təşkil edib.

Hesabat dövründə ABŞ-da aktiv neft-qaz quyularının sayı ötən ilə nisbətən 278 ədəd artıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.