05 yanvar 2018 15:40
564

ƏƏSMN: 2017-ci ildə e-xidmətlərə 9 milyon 340 min 808 dəfə müraciət edilib

2017-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) e-xidmətlərinə əvvəlki illə müqayisədə 42,6 faiz  çox olmaqla  9 milyon 340 min 808 dəfə müraciət edilib və bu göstərici ilə ƏƏSMN 2017-ci ildə “Elektron Hökumət” portalında e-xidmətlərinə ən çox müraciət edilən qurum olub. Ötən il portala müraciətlərin 40,6 faizini məhz əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə yönələn müraciətlər təşkil edib.

Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə verilən mlumata görə, 2017-ci ildə nazirliyin “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidməti yüksək istifadə göstəricisi ilə seçilən e-xidmətlərdən olub. Keçən il bu e-xidmətə 1 053 700 dəfə müraciətin qeydə alınması onun ictimai əhəmiyyətindən, sığortaedənlərin maraq dairəsində olmasından xəbər verir. Həmçinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” (2 825 065 müraciət), “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” (526 272 müraciət), “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” (481 915 müraciət), “İş yerinə dair arayış” (337 749 müraciət), “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” (297 939 müraciət), “Sığortaolunanın onlayn uçota alınması” (256 709 müraciət) və s. e-xidmətləri geniş istifadə olunan e-xidmətlər sırasında olublar.

 “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”,  “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”,  “Sığortaolunanlara məlumatların verilməsi” və digər e-xidmətlərə də 2017-ci il ərzində böyük maraq müşahidə edilib.

Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a yaxın elektron xidməti vətəndaşların istifadəsindədir. Qarşıdakı dövrdə nazirliyin fəaliyyət sahələri üzrə yeni avtomatlaşdırılmış sistemlərin yaradılması nəzərdə tutulur ki, bu da  göstərilən  e-xidmətlərin sayının daha da artmasına imkan verəcək.