Respublikamızın şimal-qərb bölgəsində kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri də fındıqçılıqdır. Azərbaycanda fındıq istehsalının böyük hissəsi Zaqatala, Qax, Balakən və bölgənin digər rayonlarının payına düşür. Fındıq istehsalı bu rayonların kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur və bu sahəyə maraq ildən-ilə artır.
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev ötən il bölgələrdə kənd təsərrüfatının ənənəvi sahələrində, o cümlədən fındıqçılıqda çox böyük inkişafın olduğunu vurğulayaraq deyib: “Keçən il 18 min hektarda fındıq bağları salınıb. Beləliklə, fındıq bağlarının sahəsi 55 min hektara çatıb və bizim hədəfimiz 80 min hektara çatdırmaqdır. Fındıqçılıq kənd təsərrüfatının inkişafı və ixrac imkanlarımızın genişləndirilməsi üçün önəmli yer tutacaq. Bu gün ixrac edilən kənd təsərrüfatı məhsulları arasında fındıqçılıq ikinci yerdədir. Fermerlər bu məhsulun ixracından 100 milyon dollardan çox vəsait əldə ediblər”.
Fındıqçılıq Zaqatala rayonunun iqtisadiyyatında da aparıcı yerlərdən birini tutur. Rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2017-ci ildə Zaqatala rayonunda sənaye sahəsi üzrə məhsul buraxılışının 83 faizini fındıq və fındıq məhsullarının satışından gələn gəlirlər təşkil edib. Ötən il Zaqatala rayonundan xaricə fındıq və fındıq məhsullarının ixrac edilməsi nəticəsində Azərbaycana 73 milyon dollar və ya 124 milyon 401 min manat vəsait daxil olub. Fındıq ixracından əldə olunan gəlir əvvəlki illə müqayisədə 37,7 faiz artıb. 2017-ci ildə Zaqatala rayonunda fındıq bağlarından 13 min 422 ton, yəni əvvəlki ildəkindən 4 min 512 ton çox məhsul tədarük olunub.
Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, 2016-cı ilin payızında rayon ərazisində 2560 hektar, 2017-ci ilin yaz və payız mövsümlərində isə 1732 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 18 min 151 hektara çatdırılıb. Bu bağların 9 min 571 hektarı barverəndir.