Yanvarım 24-də bütün Avropanın diqqəti Millətlər Liqasının püşkatmasına yönələcək. Apasport.az saytı xəbər verir, UEFA-ya üzv 55 ölkə ilk dəfə təşkil olunacaq yarışda rəqiblərini tanıyacaq.
Gücünə görə 4 liqaya bölünən komandalar püşkatmada qruplara ayrılacaq. Avropanın ən zəif 16 komandasından biri olan Azərbaycan millisi sonuncu liqada mübarizə aparacaq.
Yığmamız D liqasında “1 güllə ilə 3 dovşan vurmağa” çalışacaq. Belə ki, öz qrupunda 1-ci yer tutması komandamıza 3 üstünlük verəcək. Bunlardan birincisi sırf idman prinsiplərinə uyğun şəkildə gerçəkləşəcək. Yığmamız Millətlər Liqasının növbəti turnirində C liqasında oynamaq hüququ qazanacaq.
İkincisi, UEFA-nın yeniliyi sayəsində mümkün olacaq. Komandamız qrup qaliblərinin qatılacağı pley-offa yüksələ, ordan da AVRO-2020-nin final mərhələsinə vəsiqə əldə edə bilər.
Üçüncüsü isə AVRO-2020-nin seçmə mərhələsinin püşkatması ilə bağlıdı. Belə ki, yarışın səbətləri Millətlər Liqasının nəticələrinə əsasən müəyyənləşəcək. Millimiz 4-6-cı səbətlərdən hansına düşəcəyini nəticələri ilə rəsmiləşdirəcək.
Lakin bütün bunlara gedən yol püşkatmadan başlayır. Yanvarın 24-dəki püşk 1-ci səbətdə yer alan yığmamıza münasib qrup bəxş etməlidi. 2-ci səbətdə qərarlaşan Ermənistanla qrupda görüşə bilmədiyimizdən burdan 3 komanda – Latviya, Farer adaları və Lüksemburqla görüşməyimiz mümkündü. Əslində, ən vacib rəqib məhz bu səbətdəndi. Digər iki səbətdə isə yalnız Qazaxıstan və Moldovadan ehtiyatlanmaq olar.