KÖŞƏ

Mənsumə Babayeva

Abidəni ziyarətə gülmək, əylənmək, selfie çəkdirmək üçün gələnlər...

28 fevral 2019 10:39
2739

Fevralın 26-da Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı yüz minlərlə insanın iştirakı ilə keçirilən ümumxalq yürüşündə iştirak edən xalqımız bir daha göstərdi ki, Xocalı yaddaşlardan silinməyib, əksinə yeni bir yaddaş kimi hələ də yaşamaqdadır. Bununla da xalq yürüşü Xocalıya ədalət və soyqırım törədicilərinin cəzalandırılmasını tələb etdi.

Sözsüz ki, bu dəfə də başda Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı olmaqla dağıdıcı müxalifətin təmsilçiləri Xocalı soyqırımı gününü özlərinin siyasi oyunlarından birinə  çevirməyə cəhd etdilər. Hər zaman demokratiyadan dəm vuranların budəfəki gülünc yürüşləri onların məlum simasını yenidən xalqın qarşısına çıxardı. Aydındır ki, ümumxalq yürüşləri zamanı təhlükəsizliyin təmin edilməsi üçün müəyyən məhdudiyyətlər, həmçinin sıxlığın yaranmasının qarşısının alınması üçün növbəli ziyarət sistemi tətbiq edilir. Amma bütün bunlara baxmayaraq Əli Kərimli özünü bütün insanlardan üstün  hesab etməklə maşınla abidənin yanında enmək, hər kəsi itələyib abidəni ziyarət etmək fikrinə düşmüşdü. Maraqlısı odur ki, necə olur ki, sadə insanlar 2 kilometrlik yolu qət edə bilir, amma Kərimli bunu özünə rəva bilmir. Budur onun şəhidlərimizə olan hörməti?! Hətta 20 Yanvar faciəsi günündə olduğu kimi, bu dəfə də eyni hərəkəti edərək özünü reklam etdirmək sevdasına düşən Əli Kərimli qarışıqlıq yaradıb özü üçün VİP persona fonunu formalaşdırmağa cəhdlər göstərirdi.

Mitinq sevdası ilə alışıb-yanan, lakin əlində heç bir əsası olmayan Əli Kərimli millilikdən o qədər uzaqlaşıb ki, Xocalı soyqırımı günündə abidə ziyarətini belə canlı yayımla etdirib, özünün varlığını kimlərəsə isbatlamaq niyyətinə düşüb. Bu da o anlama gəlir ki, Əli Kərimli nə qədər özünü xalqa canıyanan göstərməyə çalışsa da, fevralın 26-sı günü olan o kütləvilik onu göstərdi ki, Azərbaycan xalqı hər zaman cənab Prezidentin ətrafında möhkəm birləşərək, onun apardığı siyasəti dəstəkləyir. Bu da xalqın Prezidentinə olan güvəni və inamından irəli gələn bir addım kimi dəyərləndirilir. Lakin Əli Kərimli və onun kiçik bir dəstəsinin orada göstərdiyi, sərgilədiyi davranışa gəlincə isə buna sadəcə təəssüf edib keçmək lazımdır.

Maraqlısı odur ki, orada adi bir vətəndaş sadəcə olaraq yaxınlaşıb bir siyasət adamına sual verir və ondan soruşur ki, sənin oğlun hardadır? O müqayisə üçün cənab Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətdə olduğunu deyir, amma Əli Kərimlinin oğlunun kef çəkdiyini göstərir. Yəni sən demokratiyadan, dövlətin qorunmasından, Qarabağ dərdindən danışırsan, amma reallıqda bəs sənin oğlun niyə əsgərlikdə deyil?! Kərimlinin buna reaksiyası heç danışılası deyil. Çünki Əli Kərimlinin verdiyi reaksiya o qədər aqressiv, uyğunsuz idi ki, adam ifadə etməyə söz tapmayıb. Bu adam faktiki olaraq siyasətçiyə çevrilə bilməyib. Sadəcə olaraq 1990-cı illərin əvvəllərində xalq hərəkatının işığında kəmfürsətlilik edib bir qədər önə çıxmışdı və parlamentdə təmsil olunurdu. Amma normal, sabit və sakit siyasət dönəmində bu şəxs özünü təsdiq edə bilmir və bilməyəcək də.

Bu olanlara nəzər yetirsək görərik ki, radikal müxalifət üçün Azərbaycan xalqının hüzn günü, kədəri əhəmiyyətli deyil. Onları düşündürən yeganə məsələ yalnız özlərinin şəxsi maraqlarıdır. Əgər belə olmasaydı, Xocalı soyqırımı günündə abidə ziyarətinə gülərək, əylənərək, selfie çəkdirmək üçün  gəlməzdilər...