26 fevral 2020 13:27
1378

ABŞ-da demokratların debatlarının onuncu turu keçirilib

Cənubi Karolinanın Çarlston şəhərində Demokratlar Partiyasından ABŞ Prezidentli postuna iddia edən namizədlərin seçkiqabağı debatlarının onuncu turu keçirilib. Demokratlar Partiyasının nümayəndələri bu il ABŞ Prezidentliyinə Donald Trampla mübarizə aparacaq namizədlərini seçməlidirlər.

“CBS News” kanalı və “Konqresin qara kokusu” İnstitutu tərəfindən təşkil olunan debatlarda Vermontdan senator Berni Sanders, İndiana ştatının Saut-Bend şəhərinin sabiq meri Pitt Butticiç, Massaçusets ştatından senator Elizabet Uorren, Minnesota ştatından senator Emi Klobuçar, sabiq vitse-prezident Co Bayden, Nyu-Yorkun sabiq meri milyarder Maykl Blumberq, həmçinin milyarder Tom Steyer iştirak ediblər.

Debatların gedişində Amerikada genişlənən irqçilik problemləri, silah satışına və silah gəzdirməyə nəzarət, səhiyyə sistemində islahatlar üzrə namizədlərin planları, iqlim dəyişmələri, Yaxın Şərqdə münaqişələr, koronavirusun yayılmasına Birləşmiş Ştatların münasibəti, təhsil sahəsində problemlər, Şimali Koreya və Kuba ilə münasibətlər və ABŞ-ın xarici siyasətinə aid digər məsələlər müzakirə olunub. //AZƏRTAC