08 oktyabr 2019 20:52
120

ABŞ-dan Şimali Koreyaya ərzaq yardımı göndərilib

ABŞ-ın Menonayt Mərkəzi Komitəsi adlı yardım təşkilatının xətti ilə ərzaq çatışmazlığının müşahidə olunduğu Koreya Xalq Demokratik Respublikasına (KXDR) 144 min banka ət göndərilib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə təşkilatın hesabatında qeyd olunur. KXDR-ə ərzaq yardımı ötən ilin aprelindən cari ilin mart ayınadək olan müddətdə çatdırılıb.

Hesabatda yardımın detalları barədə məlumat verilməsə də, təşkilat adətən mal, donuz və quş ətindan hazırlanmış ət bankaları yardımlarını dünyanın müxtəlif bölgələrində uşaqlara, xəstəliklərdən əziyyət çəkən əhali qruplarına göndərir. Şimali Koreya ABŞ təşkilatının Efiopiyadan sonra ən çox yardım göstərdiyi ikinci ölkədir. Təşkilatın ümumi yardım fondunun təxminən 20 faizi məhz KXDR-ə göndərilib.

Qeyd edək ki, Menonayt Mərkəzi Komitəsi 1995-ci ildən bəri KXDR-ə humanitar yardım göstərir.