15 noyabr 2019 13:26
642

ABŞ-ın neft ehtiyatları artır

Birləşmiş Ştatların xam neft ehtiyatları artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 2,2 milyon barrel (0,5 faiz) çoxalaraq 449 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 1,6 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 7,9 milyon barrel çoxalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə 1,4 milyon barrel azalaraq 639,5 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları hesabat həftəsində 1,9 milyon barrel (0,9 faiz) artaraq 219,1 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 1,2 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,9 milyon barrel geriləmişdi.