05 dekabr 2019 12:54
660

ABŞ Suriyanın şimalından qoşunların çıxarılmasını başa çatdırıb

Birləşmiş Ştatlar Suriyanın şimal-şərqindən qoşunların ixtisarı və yenidən dislokasiyası prosesini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Müdafiə naziri Mark Esper bu barədə Reuters agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, Suriyada cəmi 600 amerikalı hərbçi qalacaq. Mark Esper avropalı müttəfiqlərin regiona əsgər göndərəcəyi təqdirdə amerikalı hərbçilərin sayının daha da azaldılacağını istisna etməyib.

Xatırladaq ki, oktyabr ayında Prezident Donald Tramp Suriyanın şimalında Türkiyə ordusunun əməliyyat keçirdiyi rayondan ABŞ qoşunlarının çıxarılacağını bəyan edib. Lakin Vaşinqton ərəb respublikasının şimal-şərqindəki neft yataqları üzərində nəzarəti əlində saxlamaq niyyətindədir.

Həmin vaxtdan bəri Suriyadakı amerikalı hərbçilərin sayı 40 faiz – 1000 nəfərdən 600 nəfərə qədər azaldılıb.