15 yanvar 2019 15:20
305

ABŞ Türkiyəyə qarşı müharibəyə BAŞLAYA BİLƏR

Hərbi baxımdan Türkiyənin qarşısına çıxa bilməyən ABŞ yenə dollar silahını sarılır. Buna qarşı Türkiyənin İncirlik kartını irəli sürməsi lazımdır. Bu, ABŞ-ın geri addım atması üçün kifayətdir.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Trampın Suriyanın şimali-şərqində kürd qruplaşmalarının (PYD/YPG terror təşkilatı – red.) mövqelərinə hücüm edəcəkləri halda, Türkiyəni iqtisadi zərbə ilə təhdid etməsini şərh edən ekspertlər “Yeni Akit” nəşrinə bildiriblər.

“ABŞ hərbi baxımdan Türkiyənin qarşısına çıxmağa cəsarət edə bilməz. ABŞ-ın istifadə etdiyi yeganə kart iqtisadi hücumdur. Türkiyənin İncirlik kartı ABŞ-ın geri addım atması üçün kifayətdir. ABŞ hərbi hücumla müqayisədə iqtisadi hücumun daha çox zərər verəcəyini görür. Bu hücumu ötən ilin noyabrında yaşadıq. Dollar 7,2 lirə oldu. Eyni hücumu seçkilər ərəfəsində (martın 21-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək – red.) etmək istəyirlər. Türkiyənin zəif nöqtəsini çox yaxşı bildiyi üçün buradan vurmağa və nəticə almağa çalışırlar. “Mən çəkilirəm, amma burada yarı muxtar bir struktur qurdum, buna kimsə toxunmasın, Türkiyə heç ağlından keçirməsin. Yoxsa, peşman edərik”, - deyirlər. Bu, onlar tərəfindən yaxşı hazırlanmış bir plandır. Digər tərəfdən, ABŞ-ın Türkiyədə bir çox bazası var. İncirlik bunların ən əhəmiyyətlisidir. ABŞ üçün bölgədə İncirlik bazasının alternativi yoxdur. Türkiyə Trampın təhdidlərinə qarşı “Mən də İncirlik bazasını dərhal bağlayaram”, - deməlidir. ABŞ-ın Suriyada qurduğu bazalar onu əvəz edə bilməz. Çünki bazaların təhlükəsizliyi təmin edilə bilməz. İncirlikdə nüvə raketləri var. Birləşmiş Ştatlar bu raketləri Suriyadakı bazaya və ya başqa bir ölkədəki bazaya apara bilməz. Suriyada bir çox qrup var və və əgər onlardan biri ABŞ bazasındakı strateji silahları ələ keçirsə, ABŞ-ın nüfuzu beş qəpiklik olacaq. ABŞ-a İncirlik bazasının əhəmiyyətini incə şəkildə xatırladılmalıdır. Prezidentimiz “ABŞ-ın iqtisadi hücumu bizdən əvvəl İncirlik bazasını məhv edəcək. Belə bir cəhdi ABŞ rəhbərliyinə tövsiyə etmirəm”, - söyləməsi kifayətdir. Başqa şərhə ehtiyac yoxdur, ABŞ bunun nə məna daşıdığını anlayacaq. Bəlli ki, bir ağıllı qrup Trampa belə bir cümlə qurdurub”, - professor Mete Gündoğan bildirib.

Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin (ANKASAM) rəhbəri Mehmet Seyfəddin Erolun sözlərinə görə, ABŞ təhlükəsiz zona yaratmaqla burada muxtar dövlətin varlığını təmin etmək istəyir. O qeyd edib ki, ABŞ-ın hədəfi Suriyanın 32 kilometr dərinliyində kürd dövləti qurmaqdır:

“Bu, Türkiyə baxımından qəbul olunmayan milli təhlükəsizlik problemidir. Digər tərəfdən indiki təhdid, daha əvvəlki dollar hücumunun da ABŞ tərəfindən həyata keçirildiyinin etirafıdır. “Əvvəllər dollar silahından istifadə etdik və indi də istifadə edərik”, - deyirlər Əslində, Tramp həmin əməliyyatla bu gün təhdidlə bəyan etdiyi iqtisadi hücumun alt strukturunu hazırladı. ABŞ uzun zamandır Türkiyəyə qarşı bir iqtisadi hücumun alt infrastrukturunu hazırlayırdı”.

Ekspert bildirib ki, Türkiyə ABŞ-ın Yaxın Şərq layihəsinə rəğmən öz siyasətini həyata keçirir.

“Dollar əməliyyatı sonuncudan bir əvvəlki həmlədir. Əgər iqtisadi hücum nəticə verməsə, ABŞ müharibəyə gedə bilər. Bunu özü birbaşa etməyə bilər, amma Türkiyənin qarşısına Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının liderliyində bir güc çıxarması mümkündür”, - Mehmet Seyfəddin Erol yekunlaşdırıb.