10 iyul 2020 10:14
2185

Ad günün mübarək, 29 yaşlı “İki sahil”! - FOTOLENT

29 illik yol qarşıdakı dövrün aydın mənzərəsini yaradır


O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm.

Ümummilli lider Heydər Əliyev


Azərbaycan demokratik ölkədir. Demokratiyanın vacib amillərindən biri kimi söz və mətbuat azadlığının təmin edilməsi, müasir dövrün yeniliklərinin tətbiqi şəraitində dünya informasiya məkanına inteqrasiyanın sürətləndirilməsi dövlətimizin siyasətinin ana xəttini təşkil edir. Bu baxımdan ki, cəmiyyətin güzgüsü mətbuatdır, ictimaiyyətin informasiya tələbatının dolğun şəkildə ödənilməsi bütün dövrlər üçün aktualdır.

Hazırda Azərbaycanda 4 mindən artıq kütləvi informasiya vasitələri qeydiyyatdan keçib. Azərbaycan mətbu orqanların sayına görə MDB məkanında liderliyini qoruyur. Bu, ölkəmizdə azad sözə, fikrə verilən dəyərin təsdiqidir. Demokratik ölkənin vətəndaşı olaraq hər kəs öz fikrində azaddır, özünün subyektiv fikrini səsləndirmək imkanındadır. Ölkəmizdə mətbu orqanların bolluğu şəraitində özünəməxsusluğu qorumaq, geniş oxucu auditoriyası qazanmaq üçün hansı amillərə üstünlük verilməlidir, yaxud verilir kimi suallara bu gün 29 yaşı tamam olan “İki sahil” qəzetinin keçdiyi inkişaf yolunu vərəqləməklə cavab tapacağıq.

Bu gün adı çəkiləndə çoxsaylı mətbu orqanlar arasında öz dəsti-xətti ilə seçilməsindən qürur duyduğumuz “İki sahil” qəzeti 29 illik yolu qət etmiş, hər dövrün tələblərinə uyğun təkmilləşmiş, tutduğu yola, əqidəyə sadiq olmuş, dövlətçiliyimizin inkişafına davamlı töhfələr vermişdir. Ölkəmizdə ictimai-siyasi hadisələrin gərgin olduğu illərdə “Vahid Azərbaycan uğrunda!” devizi ilə nəşrə başlayan “İki sahil” ən çətin məqamlarda belə öz prinsiplərinə sadiq qalmış, ümumxalq mənafeyindən çıxış edərək sağlam fikirli, vətənpərvər insanların daim müraciət etdiyi mətbuat orqanı kimi nüfuz qazanmışdır. 29 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın keçdiyi yolun bələdçisi kimi “İki sahil”də dərc olunan yazıların ana xəttini məhz dünənimizin, bugünümüzün və sabahımızın əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyalarına sədaqət təşkil edir. Fəaliyyəti dövründə ictimai fikrin formalaşmasında əhəmiyyətli rolu və xidmətləri olan qəzet hadisələrə obyektiv yanaşma tərzi ilə seçildiyi kimi, peşəkar jurnalist ənənələrinin qorunmasına, formalaşmasına, jurnalist etikasının zənginləşməsinə xüsusi diqqətlə yanaşmışdır. Yarandığı gündən böyük dövlətçilik təcrübəsinə malik müdrik siyasi xadim, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev ideyalarının yorulmaz təbliğatçısı kimi çıxış edən “İki sahil” xalqın əsrlər boyu formalaşdırdığı, bugünümüzə ərməğan etdiyi milli-mənəvi dəyərlərin qorunmasında da qətiyyət göstərmişdir. Azərbaycançılıq ideologiyası mətbu orqanın fəaliyyətində xüsusi yer tutur. Dərc olunan yazıların hər birinin mahiyyətində bu fikir öz əksini tapır ki, günbəgün güclənən, qüdrətlənən Azərbaycan dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın, bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə azərbaycançılıq ideyasının təbliği əsas yer tuturdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin əsas diqqət göstərdiyi məsələlərdən biri dünya azərbaycanlılarının bir mərkəzdən idarə olunması oldu. Bunun üçün ilk olaraq müxtəlif ölkələrdə Azərbaycan cəmiyyətlərinin yaradılmasına nail olduqdan sonra 2001-ci ildə Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Bu qurultay dünya azərbanlılarının vahid ideya ətrafında birliyinə çağırış oldu. “İki sahil” Ümummilli Liderin bu çağırışını biri-birindən önəmli məqalələri ilə oxuculara çatdırmışdır.

Bir mühüm məqamı da qeyd etmək istərdik ki, Azərbaycanın üzləşdiyi çətin məqamlarda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsində işləyən ulu öndər Heydər Əliyevlə bağlı yazıların “İki sahil”də dərc olunması o dövrdə iqtidarda olanların xoşuna gəlməsə də qətiyyət və cəsarət göstərən qəzetin kollektivi heç nədən çəkinməyərək Vətənə sədaqətini yazıları ilə bildirmişdir. Tutduğu yola sadiq olan “İki sahil”in kollektivinin əməyini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev 1994-cü il noyabrın 19-da Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində bildirmişdir: “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi. Lakin “İki sahil” çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir. İndi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm.”

Təbii ki, fəaliyyətinə Ulu Öndər tərəfindən verilən bu dəyər qəzetin kollektivinin hər bir üzvündə böyük məsuliyyət hissi yaradaraq, daha səylə çalışmasına stimul olmuşdur. Bu qiymətləndirmənin qarşısında əqidəmizə sadiqliyimizi ortaya qoymaqla yanaşı, bu sözü də vermişdik ki, dövlətimizin başçısını, xalqımızı tam əmin edirik ki, bütün gücümüzü dövlətçiliyin və müstəqilliyin möhkəmləndirilməsinə sərf edəcəyik. Ümummilli Liderin “İki sahil”in fəaliyyətinə verdiyi həmin qiymətdən bizləri 26 ilə yaxın zaman ayırır. O vaxtdan verdiyimiz sözə necə əməl etmişik, bunu oxucularımızın ixtiyarına buraxırıq.

Azərbaycanın 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra keçdiyi yol “İki sahil” qəzetinin səhifələrində əsaslı şəkildə işıqlandırıldı. 1994-95-ci illərdə xarici ölkələrin və daxildəki antimilli qüvvələrin birgə xəyanəti ilə dövlətçiliyimizə qarşı törədilən qəsdlər zamanı da qəzetin kollektivi öz sözünü dedi, paytaxtın Azadlıq meydanına toplaşan və ümummilli lider Heydər Əliyevin müdafiəsinə qalxan bir milyondan artıq ölkə vətəndaşı ilə birgə haqqın, ədalətin, ən başlıcası isə müstəqilliyimizin qarantı olan Ulu Öndərin ideyalarına qarşı yönələn qüvvələrə barışmaz mövqeyini yazıları ilə bildirdi. Dövlətə, xalqa bağlılığını tutduğu yola sadiqliyi ilə təsdiqləyən “İki sahil” gündən-günə oxucu auditoriyasını genişləndirdi, Azərbaycanın dünənini, bu gününü və gələcəyini düşünən, imzasının imzaların içərisində olmasını istəyənlərin tribunasına çevrildi.

“İki sahil” qəzeti xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olan 91 nəfər ziyalının dahi şəxsiyyət Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini və ulu öndər Heydər Əliyevin bu müraciətə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabını dərc edən ilk mətbu orqanlardandır. Dövlətə və dövlətçiliyə xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən “İki sahil”in səhifələrində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyi ilk gündən bu günədək atdığı hər addım, rayon və şəhər təşkilatlarının fəaliyyəti, gördüyü işlər ictimaiyyətə çatdırılır, ölkədə keçirilən hər bir seçki prosesində qəzet partiyanın hazırlıq işlərini, apardığı təbliğat-təşviqat kampaniyasını geniş şəkildə işıqlandırır. 1992-ci il noyabrın 21-də təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 750 mindən artıq üzvün birləşməsi məhz Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir. Ölkədə keçirilən hər bir seçki prosesindən partiyanın qələbə ilə çıxması Heydər Əliyev yolunun uğurlarına verilən dəyərdir. Qəzetimiz hər bir seçki prosesinə günün tələbinə uyğun şüarla qatılan Yeni Azərbaycan Partiyasının namizədinin, ölkə Prezidentinin gördüyü işləri geniş təbliğ edərək, xalq-iqtidar birliyinin göstəricisi kimi dəyərləndirilən seçkilərdə qələbəni böyük sevinc hissi ilə işıqlandırır. Ən əsası qəzetimizin səhifələrində Prezident İlham Əliyevin cağırışına uyğun olaraq tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı dövrləri geniş təhlil olunur, yeni-yeni hədəflərə yol açan uğurlarımız diqqətə çatdırılır. Yaradıcı kollektiv məhz Heydər Əliyev yolunun uğurlarına söykənərək Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi ortaya qoyur.

Şübhəsiz, 29 illik enişli-yoxuşlu, şərəfli və məsuliyyətli yolun uğurlarını bir yazı çərçivəsində şərh etmək qeyri-mümkündür. Əsas budur ki, tutduğun yola sadiq olasan, dövlətə, dövlətçiliyə xidməti əsas amal qəbul edib, bu yolda inamla irəliləməyi bacarasan. “İki sahil” bu uğura imza atması ilə qürur duyur. Çoxsaylı mətbu orqanlar arasında özünəməxsus yer tutmaq böyük uğurdur və təbii ki, qürurverici amildir. Qəzetimiz dövlətimizin azad, müstəqil mətbuatın inkişafına göstərdiyi diqqət və qayğıdan heç zaman kənarda qalmamış, bu qayğını fəaliyyəti ilə dəyərləndirmişdir. Bu fəaliyyətin əsas prinsipi mətbuatın prinsipləridir - qərəzsizlik, obyektivlik, vətənpərvərlik. Bu vəhdət fonunda ədalət meyarını qorumaq, dövlətə və dövlətçiliyə xidməti təsdiqləyən materialları ortaya qoymaq mümkündür.

Hər sahədə təcrübəsi nümunə olan Azərbaycanın uğurları qəzetimizin səhifələrində parlayır. Son 16 ildən artıq dövrdə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları nəticəsində dünyaya səs salan uğurlarımızın miqyası gündən-günə genişlənir. Hər bir inkişafın əsasında dayanan, iqtisadi tərəqqiyə yol açan təbii resurslarımızdan səmərəli istifadənin əsası kimi dəyərləndirilən, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası göz önündədir. Ümummilli lider Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın dünyaya günəş kimi doğmasını şərtləndirdi. Son 16 ildən artıq dövrdə Azərbaycan bu siyasətin davamı nəticəsində inkişaf modeli ilə dünyanın diqqətində dayandı. İnkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləyən dünya dövlətlərinin etiraflarında bu fikir yer alır ki, ölkəmizdə həyata keçirilən siyasətin alternativi yoxdur.

“İki sahil” qəzeti bu gün adı ən böyük transmilli şirkətlər sırasında çəkilən SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərən mətbuat orqanı olaraq daim səhifələrində ölkənin dinamik inkişafına stimul verən iqtisadi tərəqqini, bu inkişafı şərtləndirən amilləri ətraflı şəkildə oxucularına çatdırır. Qəzetimizin hər sayında 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”ndən ötən 26 ilə yaxın dövr ərzində enerji sektorunda qazanılan hər bir uğur ətraflı şəkildə işıqlandırılır. Ölkə iqtisadiyyatına öz töhfələrini verən SOCAR-ın dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq modern, müasir tələblərə cavab verən güclü və çevik bir quruma çevrilmək istiqamətində atdığı addımların, Şirkətin müxətlif ölkələrdə həyata keçirdiyi investisiya layihələrinin uğurlu nəticələrinin təbliğatçısına çevrilən “İki sahil” qəzeti daim səhifələrində informasiya bolluğunu artırmağa çalışır. Dövlətimizin başçısı İlham Əliyevin dünyaya açılan pəncərə kimi dəyərləndirdiyi BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi, cari il üçün TAP-ın istifadəyə verilməsinin nəzərdə tutulması Azərbaycanın uğurlarının təqdimatıdır. 26 ilə yaxın dövr ərzində ölkəmizin enerji sektorunda qazandığı uğurların miqyası olduqca genişdir. “Əsrin müqaviləsi”nin 20 illiyi ərəfəsində Cənub Qaz Dəhlizinin təməlinin qoyulması və 2018-ci ildə rəsmi açılışının olması, həmçinin 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması davamlı, qürurverici uğurlarımız sırasında “İki sahil”in səhifələrində əsaslı şəkildə işıqlandırılmışdır.

Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində neftçi əməyinin rolunu yüksək dəyərləndirən ulu öndər Heydər Əliyevin Sərəncamı ilə “Neftçilər Günü”nün təsis edilməsi, hər il bayram ərəfəsində dövlətimiz tərəfindən onların əməyinə verilən dəyər qəzetimizin hazırladığı xüsusi buraxılaşlarda öz əksini tapır. Hər bir xüsusi buraxılış bir ildə enerji sektorunda, neft strategiyasının uğurlu icrasında öz payı olan SOCAR-ın ayrı-ayrı strukturlarının fəaliyyətinin təbliğində önəmli rol oynayır.

Ulu öndər Heydər Əliyevin “Jurnalist əməyi qeyri-adi, olduqca böyük, zəhmətli, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir” sözlərini fəaliyyətinin əsas istiqaməti kimi daim diqqətdə saxlayan “İki sahil” qəzetinin yaradıcı kollektivi Prezident İlham Əliyevin müstəqil mətbuatın inkişafına göstərdiyi diqqət və qayğını gündəlik həyatında hiss edir.

Qeyd etdiyimiz kimi, bir yazı çərçivəsində 29 ildə keçilən yolu geniş şəkildə şərh etmək mümkünsüzdür. Bu amili də xüsusi qeyd etməliyik ki, “İki sahil”, eyni zamanda, bir məktəb rolunu oynayır. Müstəqil Azərbaycanımızın 29 ilə yaxın müstəqillik tarixinə bələdçilik edən “İki sahil” daim təkmilləşməni, yeniləşməni öz fəaliyyətində əsas xətt kimi qəbul edib. Müasirləşmə, yeniləşmə müasir dövrün əsas çağırışı kimi mətbu orqanların da qarşısına yeni-yeni məqsədlər, vəzifələr qoyur. “İki sahil”in günbəgün yenilənən internet saytı, geniş izləyici kütləsi qazanan “İki sahil” TV məhz bu reallığın təsdiqidir.

İllər bir-birini əvəzlədikcə keçilən yola, bu yolda zəhməti olanların fəaliyyətinə düzgün dəyər vermək üçün daha geniş imkan yaranır. Qəzetimizin hər bir əməkdaşı uğurlarımızda payı olmasından qürur duyur, daha məsuliyyətlə fəaliyyət göstərir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, vaxtilə “İki sahil”də çalışan əməkdaşlarımız hazırda ayrı-ayrı dövlət strukturlarının mətbuat xidmətlərinin rəhbəri, həmçinin müxtəlif mətbu orqanların baş redaktorları vəzifəsində çalışır. Bu gün bu məqamı da böyük fəxr hissi ilə qeyd edə bilərik ki, “İki sahil” gənclərə geniş meydan açaraq, öz potensial imkanlarını ortaya qoyub, qələmləri ilə müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə öz töhfələrini vermələrinə şərait yaradır. Təbii ki, bu uğurlu addım qəzet rəhbərliyinin dövlətimizin siyasətinə uyğun olaraq, gənclərə diqqət və qayğısından qaynaqlanır. “İki sahil” məktəbindən bəhrələnənlərin sayı çox, uğurlarımız davamlı olsun!

Uğurlarımızın davamlılığı əməkdaşlarımızın əməyinin daim dövlətimiz tərəfindən yüksək dəyərləndirilməsi ilə müşayiət olunub. Bir qrup əməkdaşımız ayrı-ayrı vaxtlarda fəxri adlar və medallarla təltif olunublar. Dövlətimizin başçısı İlham Əliyevin jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşırılması ilə bağlı Sərəncamına uyğun olaraq tikilib istifadəyə verilən iki binada mənzil alanlar sırasında “İki sahil”in əməkdaşları da vardır. Bütün uğurlar ümumilikdə qəzetimizin fəaliyyətinə verilən dəyərin göstəricisidir.

29 illik tarixi yolun uğurlarına söykənərək, bu əlamətdar gün münasibətilə bir daha baş redaktor, Əməkdar jurnalist Vüqar Rəhimzadə, baş redaktorun I müavini, Əməkdar jurnalist İsmayıl Hacıyev başda olmaqla qəzetin bütün kollektivini, eyni zamanda, oxucularımızı və “İki sahil” TV izləyicilərini təbrik edirik. Onları əmin edirik ki, qarşıdakı illərdə də informasiya tələbatlarını daha dolğun şəkildə ödəyəcək, xoş ovqat bəxş etmək üçün üzərimizə düşən missiyanı layiqincə yerinə yetirəcəyik.

Canınız sağ, ömrünüz uzun, həyatınız xoşbəxt və firavan, qələminiz iti, sözünüz kəsərli, yaradıcılıq axtarışlarınız davamlı olsun, əziz “İki sahil”çilər! Hər yaşımızı tariximizə uğur səhifəsi kimi yazmaq diləyi ilə...

Yeganə Əliyeva, “İki sahil”