05 avqust 2019 14:06
1564

Afrikalı futbolçu: "Düşündüm ki, niyə də Azərbaycanda çıxış etməyim"

"Düzünə qalsa, əvvəlllər buraya gəlməyə tərəddüd edirdim. Çünki "Sabah" klubu barədə heç nə bilmirdim. Daha sonra Azərbaycanda oynamış həmyerlim Dino Ndlovu ilə məsləhətləşmək qərarına gəldim. O, mənə getməyimi məsləhət bildi". 

"İki sahil" "Report"a istinadən xəbər verir ki, bunu "Sabah" klubunun Cənubi Afrika Respublikasının (CAR) "Kayzer Çifs" komandasından transfer etdiyi futbolçu Hendrik Eksteyn deyib.

Klubun televiziyasına müsahibə verən 28 yaşlı hücumçu bildirib ki, D.Ndlovu kimi bir oyunçunun məsləhətini ciddi qəbul edib: "Düşündüm ki, niyə də bu ölkədə çıxış etməyim. Bundan sonra "Sabah"ın təklifinə "hə" cavabı verdim. Buraya gəldikdən sonra yanılmadığımı gördüm. Hazırda bu klubun üzvü olduğum üçün çox şadam. Fikrimcə artıq kluba tam uyğunlaşmışam. Burada özümü çox xoşbəxt hiss edirəm".

Afrikalı oyunçu paytaxt təmsilçisinə gəldikdən sonra 5 oyunda iştirak etdiyini diqqətə çatdırıb: "Bu matçların 4-də qalib gəlmişik. Yalnız birində məğlub olduq. Oyunların hamısında çıxış etmişəm. Görüşlərdə 4 qol vurmuşam və 3 məhsuldar ötürmə etmişəm. Artıq yeni komandama tam uyğunlaşmışam. Burada mənim üçün hər şey qaydasındadır. Bildiyiniz kimi komandamız son mövsümü yeddinci yerdə başa vurub. Ancaq növbəti mövsüm üçün hədəflərimiz böyükdür. İnanıram ki, yüksək yerlər uğrunda mübarizə aparacağıq. Biz döyüşkən komandayıq. Buna gücümüz yetər. Yeni mövsümə tam hazırıq. İndi Premyer Liqada ilk matçımıza köklənmişik. Səbrsizliklə çempionatda ilk oyunumuzu gözləyirəm. Fürsətdən istifadə edib ölkəmdə məni dəstəkləyənlərə demək istəyirəm ki, təkcə məni yox, "Sabah" komandasını dəstəkləyəsiniz. Mən burada sadəcə öz işimi görürəm, futbolçuyam və öz oyunumu göstərməyə çalışıram. Digər futbolçular da bu komanda üçün çalışırlar. Bizi dəstəkləyənlərə demək istəyirəm ki, növbəti mövsümdə hər oyuna qələbə üçün çıxacağıq. Çalışacağıq ki, hər oyun sizi sevindirə bilək".

Qeyd edək ki, "Sabah" Hendrik Eksteynlə 2 illik müqavilə bağlayıb.